Vitkov və Kuşner Putinlə görüşə gəldi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkov (Steve Witkoff) və Cared Kuşner (Jared Kushner) Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gəliblər.

ABŞ nümayəndə heyəti Vnukovo hava limanında qarşılandıqdan sonra Kremlin iqamətgahına yollanıb. Rusiya lideri ilə əsas görüşdən əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov amerikalı elçilərlə ilkin məsləhətləşmələr aparıb.

Cared Kuşner daha əvvəl bəyan etmişdi ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan dərhal sonra Moskvaya səfər edəcək. Onun sözlərinə görə, Putinlə görüşün əsas hədəflərindən biri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını genişləndirmək və Avropa nümayəndələrinin də bu prosesə cəlb olunması imkanlarını müzakirə etməkdir. Moskva səfərindən sonra ABŞ nümayəndələrinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün İrlandiyanın paytaxtı Dublinə uçacağı gözlənilir.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti raundu baş tutub. Rusiya heyətinin rəhbəri Vladimir Medinski görüşlərin yekunlarını şərh edərkən bildirib ki, Moskva, Kiyev və Vaşinqton münaqişənin həlli yolları və Avropa təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı mövqelərini bölüşüblər və tərəflər bir neçə istiqamətdə razılığa gəliblər. Kuşner isə tərəflərin böyük həcmli əsir mübadiləsi barədə ilkin razılıq əldə etdiyini açıqlayıb.