Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə keçirilən və müxtəlif ölkələrdən əqli mülkiyyət və innovasiya sahələrinin liderlərini, dünyanın aparıcı universitetlərini təmsil edən nüfuzlu alim və ekspertləri, beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də süni intellekt texnologiyalarının inkişafında öncül mövqeyə malik beynəlxalq texnologiya şirkətlərinin rəhbər nümayəndələrini bir araya gətirən Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda çıxış edib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, Forum süni intellekt texnologiyalarının sürətli inkişafı şəraitində əqli mülkiyyət sisteminin qarşılaşdığı çağırışların, mövcud hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi imkanlarının və gələcək beynəlxalq əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından mühüm beynəlxalq platformadır. Süni intellektin yaradıcı fəaliyyətə, müəlliflik hüququna və əqli mülkiyyət münasibətlərinə təsirinin getdikcə artdığı bir dövrdə belə bir qlobal dialoqun təşkili yeni texnoloji reallıqlara uyğun hüquqi yanaşmaların formalaşdırılması, müxtəlif ölkələrin mövqelərinin uzlaşdırılması və beynəlxalq səviyyədə mümkün həll mexanizmlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qlobal miqyasda mühüm əhəmiyyət daşıyan Forumun süni intellekt və əqli mülkiyyət sahəsində qlobal çağırışların müzakirəsi, yeni hüquqi yanaşmaların formalaşdırılması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bir daha nümayiş etdirir. Forumda çıxış edən Kamran İmanov, ilk növbədə, süni intellekt və əqli mülkiyyətin qarşılıqlı əlaqəsinə həsr olunmuş bu mühüm beynəlxalq dialoqun təşkilinə görə ÜƏMT-yə təşəkkürünü bildirib. Kamran İmanov çıxışında Azərbaycanda süni intellektin inkişafının dövlət siyasətinin strateji prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Bu baxımdan, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul edilməsi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkəmizdə rəqəmsal inkişaf və süni intellekt sahəsində dövlət siyasətinin ən yüksək səviyyədə əlaqələndirilməsinə və bu istiqamətdə institusional mexanizmlərin gücləndirilməsinə verilən xüsusi önəmin təzahürüdür. Müasir dövrdə süni intellektin inkişafı yaradıcı fəaliyyətin mahiyyətində və ənənəvi hüquqi anlayışlarda fundamental dəyişikliklərə səbəb olur. Böyük verilənlərin təhlili ilə birlikdə sivilizasiyanın inkişaf istiqamətlərini dəyişdirən süni intellekt texnologiyaları əqli mülkiyyət hüququ qarşısında yeni və mürəkkəb məsələlər qoyur. Kamran İmanov vurğulayıb ki, əqli mülkiyyətin, xüsusilə müəlliflik hüququnun inkişaf tarixi texnoloji dəyişikliklərə uyğunlaşma tarixidir. Bununla belə, generativ süni intellektin birbaşa insan yaradıcılığı olmadan mətn, musiqi, təsvir və video kimi nəticələr yaratmaq qabiliyyəti mövcud hüquqi tənzimləmə sisteminin yenidən nəzərdən keçirilməsini zəruri edir. Çıxışda süni intellekt tərəfindən yaradılan nəticələrin hüquqi mühafizəsi məsələsinə iki əsas yanaşma - de lege lata (mövcud qanunvericilik baxımından) və de lege ferenda (gələcəkdə qəbul edilməsi məqsədəuyğun hesab olunan hüquqi tənzimləmə baxımından) əsasında nəzər salınıb. Agentliyin sədri bildirib ki, hazırkı qanunvericilik və hüquq doktrinasında üstünlük təşkil edən antroposentrik yanaşmaya əsasən, süni intellekt müstəqil hüquq subyekti kimi tanınmır. Bununla əlaqədar olaraq, insanın bilavasitə yaradıcı iştirakı olmadan formalaşan nəticələrə müəlliflik hüququnun tətbiqi, eləcə də süni intellekt sistemlərinin öyrədilməsi məqsədilə hüquqla qorunan əsərlərdən istifadə edilməsi bir sıra mürəkkəb hüquqi suallar doğurur. Kamran İmanov süni intellektin yaradıcılıq qabiliyyətinin qiymətləndirilməsi zamanı insan təfəkkürü ilə alqoritmik fəaliyyət arasındakı fundamental fərqlərin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, insan təfəkkürü assosiativ əlaqələrə, intuisiyaya, yaddaşa və fərdi təcrübəyə əsaslandığı halda, müasir süni intellekt sistemlərinin fəaliyyəti riyazi və statistik qanunauyğunluqlara söykənir. Bu fərqlər süni intellektin mümkün müəllifliyi və hüquq subyektliyi məsələlərinin hüquqi və fəlsəfi baxımdan qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Çıxışın mühüm istiqamətlərindən biri süni intellektin gələcək hüquqi statusunun müəyyənləşdirilməsi olub. Kamran İmanov bu məsələnin fəlsəfi, hüquqi və praktiki aspektlərinin qarşılıqlı əlaqədə araşdırılmasının vacibliyini qeyd edərək, texnologiyaların gələcək inkişafı şəraitində süni intellektin əşya və şəxs arasında yeni, üçüncü hüquqi kateqoriya kimi nəzərdən keçirilməsi ehtimalına diqqət çəkib. Bununla yanaşı, süni intellektin hüquq subyektliyinin mərhələli şəkildə formalaşdırılması, onun müəyyən hüquqi hərəkətlər çərçivəsində məhdud hüquq subyektliyinə malik olması, habelə süni intellekt tərəfindən avtonom şəkildə yaradılmış nəticələrin xüsusi (sui generis) hüquqi rejim və ya əlaqəli hüquqlar mexanizmləri vasitəsilə mühafizəsi imkanları təqdim olunub. Kamran İmanov çıxışında süni intellekt və əqli mülkiyyət münasibətlərinin gələcək hüquqi tənzimlənməsi ilə bağlı bir sıra konkret təkliflər irəli sürüb. O, mövcud qanunvericiliyin süni intellektin yaratdığı yeni hüquqi münasibətlərə uyğunlaşdırılması məsələsinə də toxunaraq, bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə bir sıra konseptual təkliflər irəli sürüb. Bildirib ki, hazırkı qanunvericilikdə süni intellektin hüquq subyekti kimi tanınmaması və hüquqların onunla əlaqəli fiziki şəxslərə aid edilməsi avtonom şəkildə yaradılan nəticələrin hüquqi statusunun müəyyənləşdirilməsində ciddi çətinliklər yaradır. Bu baxımdan, süni intellekt tərəfindən yaradılan nəticələrin törəmə əsərlərə, fotoqrafiya əsərlərinə, qeyri-orijinal məlumat bazalarına, fonoqramlara və inteqral sxem topologiyalarına tətbiq edilən hüquqi mühafizə modelləri ilə analogiya əsasında qorunması, habelə xidməti əsər və nou-hau mexanizmlərindən istifadə imkanları nəzərdən keçirilib. Bununla yanaşı, insan və süni intellektin birgə müəllifliyinin tanınmasının mövcud qanunvericilikdə ayrıca hüquqi əsasın müəyyən edilməsini tələb etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, süni intellektin hüquqi statusuna dair mümkün dəyişikliklər müəlliflik institutunun mahiyyəti, əmlak və şəxsi qeyri-əmlak hüquqlarının xüsusiyyətləri, hüquqi məsuliyyət və hüquqların həyata keçirilməsi mexanizmləri nəzərə alınmaqla kompleks şəkildə qiymətləndirilməlidir. İlk növbədə, müəlliflərin və digər hüquq sahiblərinin ədalətli kompensasiya almaq hüququnun təmin edilməsi şərtilə, hüquqla qorunan materiallardan süni intellekt sistemlərinin həm kommersiya, həm də elmi-tədqiqat məqsədləri üçün öyrədilməsində istifadəyə imkan verən hüquqi mexanizmin formalaşdırılması təklif edilib. Bu məqsədlə şəxsi istifadə üçün surətçıxarmaya görə kompensasiya sisteminə analoji yanaşmanın tətbiqi mümkün həll variantı kimi göstərilib. Digər mühüm təklif süni intellekt tərəfindən avtonom şəkildə yaradılan nəticələr üçün 25-30 illik məhdud mühafizə müddətini nəzərdə tutan xüsusi sui generis hüquqi rejimin müəyyən edilməsindən ibarət olub. Bundan əlavə, süni intellekt vasitəsilə yaradılan kontentdən istifadəyə görə ödənişlərin müəyyən hissəsinin insan yaradıcılığının dəstəklənməsi fondlarına yönəldilməsini təmin edən məcburi lisenziyalaşdırma mexanizminin yaradılması məqsədəuyğun hesab edilib. Belə bir yanaşma texnoloji inkişafın təşviqi ilə insanın yaradıcı fəaliyyətinin iqtisadi və hüquqi baxımdan dəstəklənməsi arasında tarazlığın qorunmasına xidmət edə bilər. Çıxışda beynəlxalq hüquqi tənzimləmə baxımından xüsusi əhəmiyyət daşıyan təşəbbüs də irəli sürülüb. Kamran İmanov süni intellekt tərəfindən yaradılan nəticələrin hüquqi statusunun ənənəvi müəlliflik hüququ obyektlərindən ayrıca tənzimlənməsi məqsədilə əlaqəli hüquqlar sahəsində Roma Konvensiyasına bənzər xüsusi beynəlxalq protokolun hazırlanmasını təklif edib. Bu təşəbbüs süni intellektin yaratdığı nəticələrə münasibətdə beynəlxalq səviyyədə daha aydın və əlaqələndirilmiş hüquqi yanaşmaların formalaşdırılması, hüquq sahiblərinin maraqlarının qorunması və yeni texnologiyaların inkişafı üçün əlverişli hüquqi mühitin yaradılması baxımından əhəmiyyətli hesab olunur. Çıxışının sonunda Kamran İmanov qeyd edib ki, generativ süni intellekt müəlliflik hüququnun effektivliyi ilə bağlı problemləri yaratmasa da, onları əhəmiyyətli dərəcədə kəskinləşdirərək böhran həddinə çatdırıb. Bu baxımdan, hüquq sisteminin gələcək inkişafı yalnız mövcud prinsiplərin qorunmasına deyil, həm də yeni hüquqi mexanizmlərin və zəruri hallarda yeni hüquq subyektliyi modellərinin formalaşdırılmasına əsaslanmalıdır. Agentliyin sədri vurğulayıb ki, süni intellektin sürətlə inkişaf etdiyi və texnoloji inqilabın baş verdiyi müasir dünyada texnologiya insan nəzarətini tələb edən vasitə olaraq qalır.