Möhtərəm cənab Prezident!
Dünya Azərbaycanlı Alimlər Birliyi adından Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik. Zəfər bayramımız mübarək olsun!
Sizin həyata keçirdiyiniz uzaqgörən, müdrik siyasət sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandıq. Xalqımız milli birlik, həmrəylik, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qətiyyətli mübarizə əzmi, torpağının hər qarışını qanı-canı bahasına qorumağa hazır olduğunu nümayiş etdirdi. Bütün dünya Azərbaycanın nə qədər güclü, qüdrətli dövlət olduğunu gördü. Bizə bu Zəfəri yaşadan şəhidlərimizin xatirəsini ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bildiririk. Azərbaycanımıza davamlı sülh, firavanlıq arzulayırıq.
Şanlı Zəfər tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun gücünü bütün dünyaya göstərən böyük hadisədir. Bu əlamətdar gün, heç şübhəsiz, dövlətçilik ənənələri lap qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır.
Möhtərəm Prezident, biz, xaricdə yaşayan azərbaycanlı alimlər, uzaqda olsaq da ürəyimiz daim Vətənlə döyünür və Sizin apardığınız siyasəti dəstəkləyirik.
Bu fərəhli günü birlik və həmrəylik içində qeyd etməkdən böyük sevinc duyuruq, qürurumuz sonsuzdur. Qoy Zəfərimiz əbədi, birliyimiz daim sarsılmaz olsun!
Sizə bir daha təbriklərimizi, möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzularımızı çatdırırıq.
Hörmətlə,
Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyəti
Türkiyə Respublikası, İstanbul şəhəri.