8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, milli qürurumuzu, birliyimizi və sarsılmaz iradəmizi təcəssüm etdirən ən şanlı səhifələrdən biridir. Bu tarixi gün xalqımızın uzun illər həsrətində olduğu torpaqlarımıza qovuşmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının rəmzidir.

Bu gün qalib və suveren Azərbaycanın vətəndaşı olmaq, üçrəngli Dövlət Bayrağımızın azad edilmiş torpaqlarımızda qürurla dalğalanmasını görmək mənim üçün misilsiz fəxr və şərəfdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik və ordumuzun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı tarixi Zəfər dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcı olmuşdur. Bu qələbə biz gənclərin üzərinə də böyük məsuliyyət qoyur. İnanıram ki, Azərbaycan gəncliyi öz bilik və bacarıqları, əzmkarlığı və vətənə bağlılığı ilə qalib ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir.

Hörmətli cənab Prezident, Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Xalqımıza bu tarixi qüruru yaşatdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq bu əlamətdar günü böyük fəxarət, qürur və minnətdarlıq hissi ilə qeyd edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və müstəqil Azərbaycanın tərəqqisi, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Rəhimli Əflatun

Azərbaycan Respublikası Bakı şəhəri