Moskvanın MDB ölkələrini öz peykinə birləşdirmək niyyəti – FOTO

Rusiya itirdiyi nüfuzu texnoloji asılılıqla bərpa etməyə çalışır; Kreml MDB ölkələrini vahid informasiya orbitinə çəkmək istəyir

Rusiya postsovet məkanında təhlükəsizlik əməkdaşlığını yeni mərhələyə çıxarmağa çalışır. Noyabrın 9-da Moskvada MDB ölkələrinin Təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərbi digər dövlətlərin daxili işlərinə müdaxilədə, informasiya müharibələrində və siyasi proseslərə təsir göstərməkdə ittiham edib. O, terrorizm, ekstremizm, narkotik və silah qaçaqmalçılığı risklərinin artdığını, xarici texnologiyalardan asılılığın isə dövlətlərin kritik infrastrukturunu təhlükə qarşısında qoyduğunu bildirib.

Şoyqu Rusiyanın texnoloji həllərini MDB ölkələrinə təqdim etmək niyyətində olduğunu açıqlayıb. Bu kontekstdə “Büro 1440″ şirkətinin hazırladığı ”Rassvet” aşağıorbitli peyk interneti sistemini nümunə göstərib və MDB nümayəndə heyətlərini onun imkanları ilə tanış olmaq üçün Moskvaya dəvət edib.

Xatırladaq ki, 2026-cı ilin martında “Rassvet” peyk qrupunun ilk aparatları orbitə buraxılıb. Layihə saniyədə 1 Gbit-ə qədər internet sürəti vəd edir. Sonradan əlavə peyklər də orbitə göndərilib, sistemin Rusiyada qatarlar üzərində sınaqlarına başlanılıb.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Moskvanın bu addımı texnoloji təqdimatdan daha çox geosiyasi xarakter daşıyır: “Moskva kartını masaya sürdü. Amma bu dəfə kart tank, raket və ya hərbi baza deyil, peyk, terminal və rəqəmsal infrastrukturdur. Kremlin mesajı sadədir: Qərbin texnologiyası sizin üçün təhlükədir, bizim texnologiyamız isə qalxan olacaq. Lakin bu təklifin arxasında qalxandan çox, bir zəncir dayanır. Həmin zəncirin bir ucu MDB paytaxtlarında, digər ucu isə Moskvada olacaq. Rusiya artıq yalnız təhdidlərdən danışmır, həmin təhdidlərə qarşı öz texnoloji məhsulunu da təklif edir. Vahid informasiya məkanının yaradılması ideyası da təsadüfi deyil. Moskva MDB-ni yenidən özünün informasiya, təhlükəsizlik və texnologiya orbitinə çəkmək istəyir”.

Ekspertin fikrincə, bu strategiyanın əsas səbəblərindən biri Ukrayna müharibəsidir: “Starlink Ukrayna ordusunun rabitə sistemində mühüm rol oynayır. Rusiya isə bu sistemdən qeyri-rəsmi yollarla istifadə imkanını itirdikdən sonra peyk rabitəsinin hərbi və siyasi əhəmiyyətini daha dərindən anlayıb. Moskva üçün peyk interneti artıq kommersiya layihəsi deyil, milli təhlükəsizlik məsələsidir.

Digər səbəb Rusiyanın Mərkəzi Asiyada rəqəmsal təsir imkanlarının zəifləməsidir. Uzun illər regionun internet trafiki əsasən Rusiya üzərindən keçirdi. Qazaxıstanın beynəlxalq trafikinin təxminən 95 faizinin Rusiya ərazisindən keçdiyi bildirilirdi. Lakin Starlink 2025-ci ilin avqustunda Qazaxıstanda, 2026-cı ilin fevralında Tacikistanda, ardınca Qırğızıstanda fəaliyyətə başlayıb. Özbəkistanda da xidmətin istifadəyə verilməsi gözlənilir. Bu ölkələrin rəqəmsal əməkdaşlığı şaxələndirməsi Moskvanın ənənəvi üstünlüyünü zəiflədir.

Üçüncü amil iqtisadi maraqlardır. “Büro 1440″ şirkətinin rəhbərliyinin açıqlamalarından da görünür ki, layihənin özünü doğrultması üçün qlobal bazara çıxış vacibdir. Sanksiyalar səbəbindən Qərb bazarına çıxışı məhdudlaşan Rusiya üçün MDB ölkələri potensial müştəri rolunu oynaya bilər.

Sona Əliyeva hesab edir ki, “vahid informasiya məkanı” anlayışı da neytral deyil: “Praktikada bu, rus media məkanının, rus narrativlərinin və Rusiyanın kibertəhlükəsizlik standartlarının regionda dominant mövqeyə qayıtması demək ola bilər. Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması və Qərbə yönəlməsi fonunda Şoyqunun İrəvana təhlükəsizliklə bağlı xəbərdarlığı da bu kontekstdə diqqət çəkir. Moskva itirdiyi siyasi təsiri texnoloji asılılıq vasitəsilə bərpa etməyə çalışır”.

Ekspert Şoyqunun xarici texnologiyalardan asılılıqla bağlı narahatlığının müəyyən əsaslarının olduğunu da vurğulayır: “Bir şirkətin qərarı ilə bütöv bir ölkənin rabitəsinin dayana bilməsi ehtimalı Avropada da ciddi narahatlıq doğurur. Avropa İttifaqının öz peyk proqramına milyardlar xərcləməsinin səbəbi də budur. Problem ondadır ki, Moskva bir asılılıqdan qurtulmağı təklif edir, amma əvəzində başqa asılılığa dəvət edir. Açar yenə sizin cibinizdə olmayacaq, sadəcə başqa paytaxtda saxlanılacaq.

Digər tərəfdən, “Rassvet” hələlik daha çox siyasi bəyanat, reallıqda isə kiçik infrastrukturdur. 2026-cı ildə orbitdə 156 peykin olması nəzərdə tutulsa da, hazırda qrupda cəmi 32 aparat var. Müqayisə üçün, Starlink-in orbitində 11 minə yaxın peyk fəaliyyət göstərir. Tam kommersiya xidmətinin başlanğıcı 2027-ci ilə planlaşdırılsa da, bu tarix bir neçə dəfə təxirə salınıb. Yəni Şoyqu MDB ölkələrinə hələ tam qurulmamış evin açarını təklif edir”.

Əliyeva layihənin hərbi tərəfinin də risk yaratdığını bildirir. Ukrayna kəşfiyyatı Rusiyanın “Rassvet”dən dronlarla əlaqə üçün istifadə etdiyini iddia edir, Kiyev isə layihənin yaradıcılarına sanksiyalar tətbiq edib. Belə şəraitdə sistemə qoşulan ölkələr ikinci dərəcəli sanksiyalar riskini də nəzərə almalıdırlar. Astana və Daşkənd üçün Qərb investisiyaları, Avropa bazarı və Orta dəhlizlə bağlı iqtisadi maraqlar mühüm əhəmiyyət daşıyır.

Ekspert dedi ki, Azərbaycan və Ermənistanın layihəyə məsafəli yanaşması mümkündür: “İrəvanın mövqeyində siyasi amillər, Bakının yanaşmasında isə müstəqil xarici siyasət və rəqəmsal suverenlik prinsipləri əsas rol oynaya bilər”.

Sona Əliyeva Azərbaycanın mövqeyinin aydın olduğunu vurğulayır: “Azərbaycan MDB-də iştirak edir, amma KTMT üzvü deyil və heç bir hərbi-siyasi bloka qoşulmur. Ölkəmizin öz rabitə peykləri var. Starlink 2025-ci ildən rəsmən fəaliyyət göstərir, “Azərkosmos” isə onu əsas deyil, əlavə və ehtiyat rabitə vasitəsi kimi təqdim edir. Heç bir xarici sistem əsas dayaq deyil, yalnız ehtiyat variantdır. Bundan başqa, Xəzərin dibi ilə çəkilən fiber-optik xətlər Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal qovşağa çevirmək potensialına malikdir. Azərbaycan özü rəqəmsal yoluna sahibi olmağa çalışır, kiminsə yolunun müştərisi olmağa yox”.

Ekspert hesab edir ki, Moskvanın Azərbaycana “Rassvet”lə bağlı təzyiq göstərməsi ehtimalı yüksək deyil. AZAL faciəsindən sonra gərginləşən, sonradan Putinin məsuliyyəti etiraf etməsi ilə yumşalan Bakı-Moskva münasibətləri hazırda normallaşma mərhələsindədir. Rusiya üçün “Şimal-Cənub” dəhlizi, regional ticarət və Cənubi Qafqazdakı mövqelərini qorumaq baxımından Azərbaycanla əməkdaşlıq əhəmiyyətlidir.

Sona Əliyevanın fikrincə, Azərbaycanın siyasəti üç prinsipə əsaslanmalıdır: kritik infrastrukturda tək mənbədən asılı olmamaq, məlumat suverenliyini qorumaq və texnoloji əməkdaşlığı milli maraqlara uyğun qurmaq. MDB çərçivəsində terrorizm, narkotik və silah qaçaqmalçılığına qarşı məlumat mübadiləsi davam edə bilər, lakin bu, vahid informasiya məkanına qoşulmaq anlamına gəlməməlidir. Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik şuraları katiblərinin Bakıda keçirilən toplantısı da Azərbaycanın alternativ əməkdaşlıq platformalarının olduğunu göstərir.

S.Əliyeva dedi ki, regionda rəqəmsal bloklaşmanın dərinləşməsi kiçik dövlətləri böyük güclərin texnoloji orbitləri arasında seçim qarşısında qoya bilər. Azərbaycan isə öz rəqəmsal imkanlarını inkişaf etdirməklə bu asılılıq risklərini azaltmağa çalışır.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”