32 avtomobil bir-birinə çırpıldı

Cənubi Koreyada sərnişin avtobusu 32 avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində azı 57 nəfər xəsarət alıb.

Xarici mediaya istinadən, hadisə paytaxt Seulun cənubunda yerləşən Sonam şəhərində səhər saatlarında baş verib.

Məlumata görə, 60 yaşlarında kişinin idarə etdiyi şəhər avtobusu işə gedən insanların sıx olduğu vaxtda idarəetmədən çıxaraq əvvəlcə dörd avtobusa, bir yük maşınına və 27 minik avtomobilinə çırpılıb. Avtobus yalnız yolun ortasındakı təhlükəsizlik maneəsinə dəydikdən sonra dayanıb.

Qəza nəticəsində 9 nəfər ağır, 48 nəfər isə yüngül xəsarət alıb. Yaralıların heç birinin həyatının təhlükədə olmadığı bildirilir.

Sürücü polisə əyləclərin işləmədiyini deyib. Aparılan ilkin yoxlama zamanı onun sərxoş olmadığı müəyyən edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.