Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır.
Türkiyə mediasına istinadən, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı “Cerrahpaşalılar” filminin çəkilişlərinə başlanılıb.
Filmin aktyor heyətində Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümit Acar, Erdem Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gençtürk və Erhan Çircioğlu yer alıb. Ekran işinin əsas mövzusu güc, sədaqət və xəyanət üzərində qurulub. Filmdə gərgin qarşıdurmaların və döyüş səhnələrinin geniş yer tutacağı bildirilir.
Məlumata görə, döyüş və xüsusi effekt səhnələrinin hazırlanması üçün ABŞ-dən peşəkar komanda dəvət olunub. Yaradıcı heyət tamaşaçılara yüksək səviyyəli aksiyon səhnələri təqdim etməyi planlaşdırır. “Kurtlar Vadisi”nin unudulmaz personajının illər sonra kinoda yenidən canlandırılması serialın pərəstişkarları arasında böyük maraq doğurub.
Filmin nümayiş tarixi barədə hələlik məlumat verilməyib.