ABŞ prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Oval kabinetdə baş verən qalmaqalın səbəbi bəlli olub.
Bu barədə “Kyiv Independent” nəşri yazıb.
Məlumata görə, mübahisənin əsas səbəblərindən biri Ukrayna Prezident Ofisinin o vaxtkı rəhbəri Andrey Yermakın səhv qərarları olub.
O, Ağ Evdəki siyasi vəziyyəti düzgün qiymətləndirməyib.
Mənbələrin bildirdiyinə görə, Yermak amerikalıların ona qarşı nə qədər mənfi münasibət bəslədiyini anlamayıb.
ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq Zelenskini Oval kabinetdəki uğursuz görüşdən yayınmağa inandırmağa çalışsa da, onun bu təşəbbüsü Yermak tərəfindən rədd edilib.
Məqalədə həmçinin iddia olunub ki, 2025-ci ilin sonlarında Yermak ətrafında korrupsiya ilə bağlı şayiələr yayıldığı zaman o, ABŞ administrasiyasının Ukraynaya ən çox dəstək verən üzvlərindən biri olan Kit Kelloqun mövqeyini qəsdən zəiflədib.
Bununla da onun varisi Stiv Uitkoffla daha yaxın münasibətlər qurmağa çalışıb.
Xatırladaq ki, 28 fevral 2025-ci ildə Ağ Evdə mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən görüş zamanı Donald Tramp və Volodimir Zelenski arasında şifahi mübahisə yaşanıb.
Tramp ukraynalı həmkarını ABŞ-yə hörmətsizlik etməkdə ittiham edib.
Görüşdə iştirak edən ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Zelenskiyə Vaşinqtonun Kiyevə göstərdiyi yardıma görə təşəkkür etməyi unutduğunu bildirib.
Danışıqlardan sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransı ləğv edilib.