Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 1 milyard 513 milyon 95,9 min manat təşkil edib.

Rəsmi statistikaya istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94 milyon 218 min 100 manat və ya 5,8 % azdır.

Bu ilin 9 ayında ən çox vəsait nəqliyyata xərclənib. Bu müddət ərzində azərbaycanlı turistlərin nəqliyyat xərcləri 575 milyon 573,4 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır.

Hesabat dövründə turistlərimizin yerləşmə xərcləri də azalıb. Bu məqsədlə 285 milyon 314,3 min manat xərclənib ki, bu da illik müqayisədə 23,8 % azdır.

Qidalanmaya çəkilən xərclər isə 312 milyon 411,2 min manat təşkil edib. Bu sahədə 0,5 % azalma qeydə alınıb.

Bunun əksinə, mədəniyyət və turizm zərfinin alınmasına çəkilən xərclər artıb. Belə ki, mədəniyyət xərcləri 5 milyon 813,3 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,6 % çoxdur. Turizm zərfinin alınmasına isə 52 milyon 699,3 min manat xərc çəkilib ki, bu da əvvəlki illə müqayisədə 11,6 % çoxdur.

Eyni zamanda nəqliyyat vasitələrinin icarəyə götürülməsinə çəkilən xərclər də artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 % artaraq 2 milyon 791,4 min manat təşkil edib.

İdman və əyləncə xidmətlərinə çəkilən xərclər 3,3 % azalaraq 9 milyon 692,6 min manat təşkil edib.

Malların və hədiyyələrin alınmasına 254 milyon 386,4 min manat xərc çəkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.

Digər istiqamətlərə isə 14 milyon 414 min manat xərclənib. Bu da əvvəlki illə müqayisədə 5,8 % azdır.

Vətəndaşlarımızın ayrı-ayrı ölkələrdə turizmə xərclədikləri vəsaitlərə gəlincə isə 9 ay ərzində Türkiyədə 670 milyon 894 min manat (-6 % ), Rusiyada 200 milyon 407,5 min manat (-9 %), Gürcüstanda isə 118 milyon 528,3 min manat (+6 %) xərclənib.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,8 % azalaraq 1 milyon 575,3 min nəfər olub. Vətəndaşlarımızın 44 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çox), 14,6 %-i Rusiya Federasiyasına (2 % az), 13 %-i Gürcüstana (17,6 % çox), 5,1 %-i İrana (44,5 % az), 23,3 % isə digər ölkələrə (2 % az) gedib.

Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,4 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.