3 milyonluq mənimsəmə - Saday Alıyevin məhkəməsində YENİLİK

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə çalışmış Saday Alıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-a istinadla, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Saday Alıyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə tərkibi digər proseslərin vaxtının çatması ilə əlaqədar növbəti iclası dekabrın 15-i saat 09:30-a təyin edib.

Xatırladaq ki, Saday Alıyev 3 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Sonuncu dəfə ADSEA-da şöbə müdiri vəzifəsində çalışan sabiq məmurun fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

İstintaqın topladığı sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

52 yaşlı sabiq məmur barəsində həbs qətimkan tədbiri seçilməyib. O, məhkəməyə qədər polisin nəzarətinə verilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.