Fransada kütləvi etirazlar - 70 min polis səfərbər edildi

Fransada əməkhaqlarının artırılması və yaşayış xərclərinin bahalaşmasına etiraz olaraq ümumölkə tətili və kütləvi nümayişlər keçirilir.

Xarici mediaya istinadən, ölkənin əsas həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalar Paris, Lion və Marsel də daxil olmaqla bir sıra şəhərləri əhatə edib. Ölkə üzrə təxminən 260 etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Nümayişlərə yüz minlərlə insanın qatılacağı gözlənilir. Etirazlar səbəbindən yüzlərlə məktəbin fəaliyyəti dayanıb, ictimai nəqliyyatın işində ciddi fasilələr yaranıb.

Bəzi şəhərlərdə nümayişçilərlə polis arasında qarşıdurmalar qeydə alınıb. Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, təhlükəsizliyi təmin etmək üçün 70 min polis əməkdaşı səfərbər edilib. Əməliyyatlara zirehli texnikalar, dronlar və helikopterlər də cəlb olunub. Həmkarlar ittifaqları ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını, iş yerlərinin ixtisarının artdığını və əhalinin alıcılıq qabiliyyətinin zəiflədiyini bildiriblər.

“Yanacaq, ərzaq, kirayə haqqı, qaz və elektrik enerjisi bahalaşır. Yalnız əməkhaqları və pensiyalar artmır”, - deyə ittifaqların birgə bəyanatında qeyd olunub.

Etirazçılar Prezident Emmanuel Makron hökumətindən sosial-iqtisadi problemlərin həlli üçün təcili tədbirlər görülməsini tələb edirlər.