"Azıx mağarası"nın beynəlxalq premyerası keçirildi

6-cı Korkut Ata Türk Dünyası Film Festivalının çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilmiş filmin çəkilişləri 5 ölkədə aparılıb. Film “Azərbaycan irsinə səyahət” silsiləsinə daxildir.

Qarabağın işğaldan azad edilməsindən sonra Azıx mağarasında yerli və xarici mütəxəssislərin iştirakı ilə arxeoloji araşdırmaların bərpa olunması filmin süjet xəttinin əsasını təşkil edir. Buradan yola çıxaraq, filmdə peşəkar arxeoloq və tarixçilərin gözü ilə Azıx mağarasına, onun təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın tarixindəki yerinə nəzər salınır. Britaniya, Almaniya, Kanada, Türkiyədən olan antropoloqlar yeni insan növünün formalaşmasında Azıx mağarasının xüsusi rolunun olması fikrini irəli sürürlər.

Sənədli filmdə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan istifadə olunmaqla Azıx mağarasının quruluşu, zaman keçdikcə necə dəyişməsi, qədim insanın oradakı həyatı və məişəti izah edilir.

Rejissor Atakan Kərküklünün çəkdiyi film 6-cı Korkut Ata Türk Dünyası Film Festivalının sənədli film müsabiqəsində iştirak edir.