Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib

Bütün Fransa boyunca qiymət artımına qarşı əvvəlcədən elan edilmiş və iğtişaşlarla müşayiət olunan genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Bu barədə Fransa mediası məlumat yayıb.

Etirazçılar məktəb binalarını, zibil qutularını yandırmağa, mağazaların vitrinlərinə, eləcə də polislərə tərəf daş atmağa başlayıblar. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Bildirilib ki, ölkəni bürüyən etirazlar zamanı Tuluza yaxınlığındakı Turneföy fransız kommunasında orta məktəb yandırılıb. Naməlum şəxslər pirotexniki vasitədən istifadə edərək məktəbə daxil olublar, nəticədə yanğın baş verib. Xəsarət alan yoxdur.

Parisdə ümummilli tətil ilə əlaqədar Eyfel qülləsi bağlanıb.

Bildirilib ki, bu gün etirazlarla əlaqədar qatarların hərəkətində ciddi fasilələr müşahidə olunacaq.

Ölkənin Təhsil Nazirliyi bildirir ki, bu gün müəllimlərin təxminən 16 %-i tətil edir, məktəblərin 33 %-nin (184-dən 60-ı) işində isə fasilələr müşahidə olunur.

Tələbə İttifaqı və Orta Məktəblər İttifaqı (USL) öz növbəsində qeyd edib ki, Fransadakı təxminən 70 universitetin 90 %-i bağlanıb. Bundan əlavə, 1 000 orta məktəb fəaliyyətsiz vəziyyətdədir.

Daha əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, etirazlar zamanı təhlükəsizliyi təmin etmək üçün bütün ölkə boyu 70 min polis və jandarm cəlb ediləcək.