Fransada həmkarlar ittifaqlarının keçirdiyi ümumölkə tətili səbəbindən noyabrın 5-də Eyfel qülləsi ziyarətçilərin üzünə bağlanıb.
Bu barədə qüllənin administrasiyası rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, ümumölkə tətili ilə əlaqədar Eyfel qülləsi noyabrın 5-də fəaliyyət göstərmir. Elektron bilet əldə etmiş ziyarətçilərə elektron poçtlarını yoxlamaq tövsiyə olunub. Administrasiya yaranmış narahatlığa görə üzr istəyib.
Fransada həmkarlar ittifaqları əməkhaqlarının artırılması və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsi tələbi ilə kütləvi tətil keçirirlər.
Etiraz aksiyalarına tələbə birlikləri və yuxarı sinif şagirdləri də qoşulublar. Onlar sentyabrın sonundan etibarən davam edən aksiyalar zamanı ölkənin Təhsil Nazirliyindən bəzi fənlər üzrə müəllim çatışmazlığı probleminin həllini tələb edirlər. Etirazçılar, həmçinin təhsil müəssisələrinin binalarının vəziyyətindən və dərs cədvəllərinin həddindən artıq yüklənməsindən narazılıqlarını bildirirlər.
Fransa hakimiyyətinin qiymətləndirməsinə görə, ölkə üzrə keçirilən nümayişlərdə ümumilikdə 780 min nəfər iştirak edə bilər.