Bakı, 4 noyabr, AZƏRTAC Fransa və Almaniyada keçirilən etirazları yalnız ayrı-ayrı sosial qrupların narazılığı kimi qiymətləndirmək düzgün olmazdı. Bu proseslər Avropanın bir sıra ölkələrində uzun müddətdir yığılıb qalan sosial-iqtisadi problemlərin daha geniş siyasi müstəviyə keçdiyini göstərir.İlk növbədə, burada yaşayış xərclərinin artması, əhalinin alıcılıq qabiliyyətinə təzyiqlər, mənzil təminatı, təhsil sistemindəki problemlər və sosial bərabərsizlik kimi məsələlər ön plana çıxır. Xüsusilə gənc nəslin etirazlarda fəal iştirakı diqqət çəkir. Bu, müəyyən mənada onların gələcək iqtisadi imkanları və sosial təminatları ilə bağlı narahatlıqlarını əks etdirir. Digər mühüm məsələ dövlət büdcəsinin prioritetləridir. Avropa ölkələri bir tərəfdən müdafiə və təhlükəsizlik xərclərini artırmağa, digər tərəfdən isə sosial proqramları və dövlət xidmətlərini maliyyələşdirməyə çalışırlar. Məhdud maliyyə imkanları şəraitində bu istiqamətlər arasında tarazlığın qorunması getdikcə çətinləşir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanov deyib. O qeyd edib ki, Almaniyada iqtisadi artımın zəifləməsi, sənaye sektorunun üzləşdiyi problemlər və enerji xərcləri ictimai narahatlıqları artıran amillərdəndir. Fransada isə sosial narazılıq daha geniş siyasi məzmun daşıyır və hökumətin iqtisadi islahatlarına, dövlət xidmətlərinin vəziyyətinə və idarəçilik metodlarına münasibətlə sıx bağlıdır. “Burada bir məqamı nəzərə almalıyıq: Avropa ölkələrində etirazların keçirilməsi özlüyündə demokratik institutların böhranı demək deyil. Narazılıqların davamlı xarakter alması və müxtəlif sosial təbəqələri əhatə etməsi hakimiyyətlə cəmiyyət arasında etimadın zəifləməsi ehtimalını gündəmə gətirir. Hazırda Avropada müşahidə olunan əsas tendensiya sosial-iqtisadi narazılığın tədricən siyasi təmsilçilik və dövlət idarəçiliyinin effektivliyi məsələsinə çevrilməsidir. İnsanlar yalnız iqtisadi vəziyyətin yaxşılaşdırılmasını deyil, həm də siyasi qərarların onların gündəlik həyatına real müsbət təsir göstərməsini gözləyirlər. Bu baxımdan, hökumətlərin qarşısında duran əsas vəzifə etirazların yalnız nəticələrinə reaksiya vermək deyil, onların yaranmasına səbəb olan struktur problemləri aradan qaldırmaqdır”, - deyə o qeyd edib.Y.Qurbanov Fransadakı mövcud vəziyyəti qiymətləndirərkən sosial narazılığın yalnız son həftələrin hadisəsi olmadığını nəzərə almağın vacibliyini bildirib. O qeyd edib ki, Prezident Emmanuel Makronun hakimiyyəti dövründə ölkə bir neçə dəfə genişmiqyaslı etiraz dalğaları ilə üzləşib. 2018-ci ildə başlayan “sarı jiletlilər” hərəkatının əsas səbəbləri arasında yanacaq qiymətlərinin artması, vergi siyasəti və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi dayanırdı. Sonrakı illərdə pensiya islahatları, xüsusilə pensiya yaşının artırılması ilə bağlı qərarlar da ciddi ictimai narazılığa səbəb oldu. Bu hadisələr göstərir ki, Fransa cəmiyyətinin müəyyən təbəqələri ilə hakimiyyət arasında sosial-iqtisadi siyasətin istiqamətləri və islahatların həyata keçirilməsi üsulları ilə bağlı uzunmüddətli fikir ayrılıqları mövcuddur. Fransanı böhrünü sürükləyən əsas səbəblər Ekspert Fransada mövcud vəziyyətlə bağlı üç əsas problemi qeyd edib. “Birincisi, iqtisadi və sosial problemlərdir. Yaşayış xərcləri, mənzil təminatı, dövlət xidmətlərinin keyfiyyəti və əhalinin müxtəlif sosial qrupları arasında iqtisadi imkanların qeyri-bərabərliyi ciddi müzakirə mövzusu olaraq qalır. Enerji bazarlarında yaşanan qeyri-sabitlik də həm ev təsərrüfatlarına, həm də biznes sektoruna əlavə təzyiq yaradır. İkincisi, siyasi idarəçilik və ictimai etimad məsələsidir. Makron administrasiyasının bəzi islahatları həyata keçirmə üsulları, xüsusilə parlament prosedurlarından istifadə və etirazlara münasibət, Fransa cəmiyyətində geniş müzakirələrə səbəb olub. Hökumət bu addımları iqtisadi və institusional zərurətlə əsaslandırsa da, tənqidçilər qərarların qəbulunda ictimai dialoqun kifayət qədər təmin olunmadığını bildirirlər.Üçüncüsü, miqrasiya və sosial inteqrasiya məsələsidir. Fransa uzun illərdir miqrantların cəmiyyətə inteqrasiyası, əmək bazarına çıxışı, mənzil təminatı və ictimai təhlükəsizlik məsələləri ilə üzləşir. Bu mövzular ətrafında siyasi qüvvələr arasında ciddi fikir ayrılıqları mövcuddur. Bununla belə, miqrasiyanı bütün sosial-iqtisadi problemlərin əsas səbəbi kimi təqdim etmək düzgün olmazdı. Burada iqtisadi siyasət, əmək bazarının strukturu və sosial inteqrasiya mexanizmləri də mühüm rol oynayır. Məsələyə Azərbaycanın maraqları baxımından yanaşsaq, qeyd etmək lazımdır ki, Bakı ilə Paris arasında son illərdə müəyyən siyasi fikir ayrılıqları mövcud olub. Xüsusilə Fransanın Ermənistanla hərbi-siyasi əməkdaşlığı və Cənubi Qafqazdakı proseslərə münasibəti Azərbaycan tərəfindən tənqid edilib.Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda davamlı sülhün təmin olunması üçün bütün beynəlxalq tərəfdaşlar suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan balanslı siyasət yürütməlidirlər”, – deyə Yunis Qurbanov fikrini yekunlaşdırıb.
Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH
Mənbə: azertag.az/xeber/fransa_ve_almaniyada_sosial_etirazlar_naraziligin_esas_sebebleri___serh-4495071