Bakı, 4 noyabr, AZƏRTAC 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu tarixi Qələbənin əhəmiyyətinin dərk edilməsi, qəhrəmanlarımızın xatirəsinin qorunması və gələcək nəsillərə çatdırılmasında isə təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşür. Bəs şagirdlərə Zəfər tariximiz necə öyrədilir? Onlarda Vətənə sevgi və bağlılıq hissi hansı yollarla formalaşdırılır? AZƏRTAC bu suallara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 nömrəli tam orta ümumtəhsil məktəbində cavab axtarıb. Məktəbin tarix müəllimi Nailə Musayeva bildirir ki, Zəfər tarixinin şagirdlərə öyrədilməsi yalnız müəyyən əlamətdar günlərlə və ya ayrı-ayrı siniflərdə keçirilən dərslərlə məhdudlaşmır. 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü ərəfəsində bu mövzuya xüsusi diqqət yetirilsə də, Qarabağın tarixi və Vətən müharibəsi ilə bağlı məlumatlar tədris prosesində mütəmadi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Müəllim bildirib ki, dərslərdə müasir tədris metodları ilə yanaşı, tarixi sənədlərdən və fotoşəkillərdən də istifadə olunur: “Şagirdlərin tarixi hadisələri daha yaxından tanıması üçün Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri məktəbə dəvət edilir. Şagirdlərimizin Füzuli uğrunda gedən ağır döyüşlər, Şuşa əməliyyatı və hərbçilərimizin göstərdiyi qəhrəmanlıq barədə ətraflı məlumat əldə etməsinə çalışırıq. İstəyirik ki, onlar bu tarixi hadisələrin əhəmiyyətini dərindən anlasın, Vətənimizin tarixini bilsin və gələcəkdə ölkəsinə bağlı vətəndaşlar kimi yetişsinlər. Çünki tarixi olmayan xalqın gələcəyi yoxdur”. Məktəbdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılması yalnız tarix dərsləri ilə məhdudlaşmır. Şagirdlərin qəhrəmanlarımızı yaxından tanıması, onların həyat yolu və döyüş təcrübəsi ilə tanış olması üçün müxtəlif maarifləndirici tədbirlər və görüşlər təşkil edilir. Məktəbin ibtidai sinif müəllimi Rəşidə Osmanova bildirir ki, bu istiqamətdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Məktəbdə şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilir, qazilər şagirdlərlə öz təcrübələrini bölüşürlər. Belə görüşlər uşaqlarda qəhrəmanlarımız haqqında yalnız nəzəri deyil, həm də canlı təəssürat yaradır. Müəllim vətənpərvərlik mövzusunda keçirilən dərslərdə şagirdlərlə Vətəni sevməyin, dövlət rəmzlərinə hörmətlə yanaşmağın, ölkəyə layiqli vətəndaş olmağın əhəmiyyətindən danışdıqlarını söyləyir. Həmçinin oğlan şagirdlərlə hərbi xidmət, Azərbaycan Ordusunun sıralarında xidmət etməyin məsuliyyəti barədə söhbətlər aparılır. Şagirdlərin Zəfər Gününə münasibəti isə onların fikirlərində həm qürur, həm də şəhidlərimizin xatirəsinə dərin ehtiram hissi ilə ifadə olunur. Məktəbin VIII sinif şagirdi Həyat Hüseynzadə isə Zəfər Gününün onun üçün həm qürur, həm də şəhidlərin xatirəsini yad etmək baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyir: “8 Noyabr mənim üçün sadəcə Zəfər Günü deyil, həm də şəhidlərimizi yad etmək günüdür. Şəhidlərimiz dövlətimiz və xalqımız naminə canlarından keçərək ölkəmizi azad ediblər”. VIII sinif şagirdi Nilufər Fərəməzli də Zəfər Gününün onun üçün xüsusi məna daşıdığını deyir. Şəhidlərimizi yad edərkən kövrəldiyini bildirən şagird bununla yanaşı, xalqımızın qazandığı Qələbənin onda böyük qürur hissi yaratdığını vurğulayır. Həmin sinfin şagirdi Xanım Alışlı isə tarixi Qələbənin Ali Baş Komandanın həyata keçirdiyi siyasət və Azərbaycan Ordusunun qüdrəti nəticəsində əldə olunduğunu vurğulayır. Şagirdlər üçün bu tarixi yaşatmağın yollarından biri də məktəbdə keçirilən tədbirlərdə fəal iştirak etməkdir. Belə tədbirlər onlara Vətən müharibəsinin müxtəlif məqamlarını obrazlar vasitəsilə canlandırmaq, qəhrəmanların fədakarlığını daha yaxından anlamaq imkanı yaradır. VIII sinif şagirdi Nihan Əhmədzadə məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə iştirakından məmnunluq duyduğunu bildirir. Tədbir Vətən müharibəsi zamanı yaralı hərbçilərin həyatını xilas etmək üçün fədakarlıq göstərən hərbi həkimlərə həsr olunub. Nihan həmin tədbirdə həkim obrazını canlandırıb. “Onların etdikləri bir anın sevinci, bir ailənin ümidi idi. Mən də çox xoşbəxtəm ki, bu tədbirdə iştirak etmişəm, həkim rolunu oynamışam və qalib Azərbaycanın övladıyam”, - deyə o bildirir. Beləliklə, məktəblərdə keçirilən dərslər, maarifləndirici tədbirlər, qazilər və şəhid ailələri ilə görüşlər Zəfər tarixinin şagirdlərə çatdırılmasında mühüm rol oynayır. Qəhrəmanlarımızın xatirəsinin yaşadılması, tarixi yaddaşın qorunması və Vətənə bağlı gənc nəslin yetişdirilməsi təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Çünki bu günün şagirdləri sabah ölkənin tarixini, milli-mənəvi dəyərlərini və Zəfər salnaməsini yaşadacaq nəsildir. Müxbir-Nərmin Muradzadə Videooperator-Vüsal Tağıyev