Google süni intellektə böyük sərmayələr nəticəsində artan xərcləri cilovlamağa çalışdığı bir vaxtda könüllü işdən ayrılma təkliflərini bu il bir neçə ölkəyə genişləndirib. Şirkətin Reuters-ə verdiyi məlumata görə, iyun ayında Kanada, Fransa, Almaniya, Yaponiya və İsveçrədəki bəzi əməkdaşlara könüllü işdən ayrılma paketləri təklif olunmağa başlanıb.
Son mərhələdə neçə əməkdaşın təklifi qəbul etdiyi məlum deyil. Bu barədə daha əvvəl məlumat verilməmişdi.
“2025-ci ildə bəzi komandalarımız işdənçıxarma müavinəti ilə könüllü ayrılma proqramı tətbiq edib”, Google nümayəndəsi bildirib. “Ötən yay, iyun ayında qarşıda duran mühüm işlərimizi dəstəkləmək üçün proqramı bir neçə ölkəyə genişləndirdik”.
Bu addım Uoll-Stritdə narahatlıq yaradan və Alphabet səhmlərinə təzyiq göstərən süni intellekt xərclərinin artması ilə əlaqədardır. Ötən həftə Microsoft xərcləri cilovlamaq məqsədilə 60 min əməkdaşına könüllü işdən ayrılma təklif edib.
Alphabet-in əməkdaşlarının sayı son rüblərdə davamlı şəkildə artsa da, şirkət resursları prioritet istiqamətlərə yönəltməyə çalışır. Son könüllü ayrılma paketləri ötən ildən ABŞ və Böyük Britaniyadakı bəzi bölmələrin əməkdaşlarına təklif olunan proqramların davamıdır. Rəhbərlik bu proqramı artıq özünü şirkətin kursuna və ya fəaliyyət istiqamətinə uyğun hesab etməyən əməkdaşlar üçün seçim kimi təqdim edib. Ən azı bir halda bölmə əməkdaşlarına verilən könüllü ayrılma təkliflərinin ardınca ixtisar mərhələsi başlayıb.
Şirkət rüblük təqdimatlarında süni intellekt və bulud hesablamalarını işə qəbulun əsas prioritetləri kimi dəfələrlə vurğulayıb. Google Cloud və süni intellekt bölməsi DeepMind-in əməkdaşları əvvəlki könüllü işdən ayrılma təkliflərinə daxil edilməyib. Görünür, proqramın son genişləndirilməsi də eyni qaydada həyata keçirilib.
Google-un təxminən 5 min əməkdaşının çalışdığı və Sürixdə böyük mühəndislik mərkəzinə malik olduğu İsveçrədə proqram bir neçə bölməni əhatə edib, lakin DeepMind bu siyahıya daxil edilməyib. Əməkdaşlar avqust ayında işdən ayrılmağa başlayıblar. Təklifi qəbul edənlərə çalışdıqları hər il üçün bir aylıq əməkhaqqı ödənilib, lakin ümumi ödəniş 12 aylıq maaşı keçməyib. Mənbələrdən birinin sözlərinə görə, təxminən 50 nəfərlik komandada azı dörd əməkdaş təklifi qəbul edib. Google 2023-cü ildə İsveçrədə 200-dən çox əməkdaşı ixtisar etmişdi. Bu qərar etirazlara və tətilə səbəb olmuşdu.