“Nüvə silahı dünyanı fəlakətə sürükləyəcək”
Bu sözləri Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı bildirib.
Partiya sədri ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etmə ehtimalını beynəlxalq fəlakət kimi dəyərləndirib:
“Xeyli vaxtdır Amerikanın İrana qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı şayiələr gəzir. Prezident Tramp bir neçə dəfə bu mövqedən çıxış edib. Dəfələrlə bəhanə gətirirlər ki, İran nüvə tədqiqatlarını çox böyük dərinliklərdə aparır və həmin dərinliyə çatması çətindir. Lakin ABŞ məhdud diametrli nüvə silahından istifadənin mümkün olduğunu bildirərək bu addıma bəraət qazandırmağa çalışır”.
A. Nağı ABŞ-ın bu addımı atacağı təqdirdə müharibələrdə nüvə silahından istifadənin adi hala çevriləcəyi barədə xəbərdarlıq edib:
“Əgər ABŞ nüvə silahından istifadə edərsə, Rusiya da eyni addımı Ukraynaya qarşı ata bilər. Məsələ ondadır ki, nüvə silahı istifadə üçün deyil, hər hansı kütləvi qırğın silahından çəkindirmək üçündür. Düşünürəm ki, belə bir addımı atmağa ehtiyac yoxdur, çünki bu, böyük fəlakətə səbəb ola bilər. Nüvə silahından istifadə olunarsa, Yer kürəsi böyük bəla ilə üzləşəcək. ABŞ və İranın qüvvələr nisbətində böyük fərq olduğunu nəzərə alsaq, Amerikanın nüvə silahına heç bir ehtiyacı yaranmaz”.