Ağamirzə: “Telefon əyər-əskiklərimizi aşkara çıxarıb”

“Telefon bütün əyər-əskiklərimizi aşkara çıxarıb”.

Bunu ustad meyxanaçı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib.

O, “Niyə bu gün insanlar arasında səmimiyyətsizlik, saxtakarlıq artıb?” sualını cavablandırıb. Sənətçi hər zaman belə insanların olduğunu təəssüf hissi ilə bildirib:

“Bizə elə gəlir ki, indi insanlar belədir. Yox, elə 10, 20, 30 il əvvəl də belə olub. Onda da insanlar arasında saxtakarlıq, səmimiyyətsizlik var idi. Onda da ayaqdan çəkirdilər, irəli gedənə badalaq vururdular. Yəni bineyi-qədimdən belə gəlib, belə də davam edəcək. Məsələ burasındadır ki, indi internet, telefon əsrində yaşayırıq. Telefon bizim bütün əyər-əskiklərimizi aşkara çıxarıb. Adam var, nömrəsini alırsan, bir az keçəndən sonra düz yazıb-yazmadığını yoxlamaq üçün zəng edirsən, baxırsan ki, zəng çatmır, heç belə bir nömrə mövcud deyil. Yaxud da söz verir, amma sözünün üstündə durmur. Bəli, son vaxtlar, təəssüf ki, bu cür insanların sayı artıb. Neynəyək, buna da şükür”.