Azərbaycanda icmal büdcənin hesablanması qaydası dəyişdiriləcək

"Büdcə zərfi"nə əsasən, icmal büdcənin hesablanması zamanı çıxılan komponentlərin tərkibinin nisbətən genişləndirilməsi ilə bağlı "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi nəzərdə tutulub.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

"Bu dəyişiklik dövlət büdcəsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar üzrə icbari ayırmaların çıxılmasını ehtiva edir. Palata bununla bağlı tövsiyəsinin icrasını müsbət qiymətləndirir. Eyni zamanda bütün komponentlər üzrə vahid yanaşmanın tətbiqinin zəruri olduğunu vurğulamaq istərdim. Belə ki, büdcədənkənar dövlət fondları üzrə təqdim edilmiş qanun layihələri müvafiq fondların büdcələrində də saxlanma xərclərinin proqnozlaşdırıldığını göstərir. Bu halda büdcədənkənar dövlət fondları üzrə də əməyin ödənişi ilə bağlı icbari ayırmaların çıxılmasına zərurət var. Qeyd etdiyim məsələ icmal büdcə xərclərinin yuxarı həddinə də təsir edir", - deyə o qeyd edib.