Şagird sayına uyğun maliyyələşmə mexanizminə keçid - nə dəyişəcək?

2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Sənədə əsasən, strategiya dövrünün sonunadək pilot layihənin 150 məktəbdə həyata keçirilməsi planlaşdırılır. Gələn il təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi üçün də 36,8 milyon manat proqnozlaşdırılır.

Ümumilikdə, 2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 82,6 milyon manat çoxdur.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a şərhində bildirib ki, şagird sayına əsaslanan adambaşına maliyyələşmə modeli təhsil sisteminin idarə olunmasında və keyfiyyətin yüksəldilməsində mühüm iqtisadi-pedaqoji alətdir:

“Ənənəvi büdcə maliyyələşməsindən fərqli olaraq, bu modeldə vəsait məktəb binasının ölçüsünə və ya siniflərin sayına görə deyil, birbaşa müəssisədə təhsil alan hər bir şagirdin sayına mütənasib olaraq ayrılır. Bu yanaşma "vəsait şagirdi izləyir" prinsipinə əsaslanır və məktəblər arasında sağlam rəqabət mühiti yaradaraq təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Bu model məktəb rəhbərliyini daha effektiv menecment həyata keçirməyə və valideynlərin rəğbətini qazanmağa məcbur edir. Çünki məktəbdə təhsil keyfiyyətsiz olduqda şagirdlər digər təhsil müəssisələrinə üz tutur, bu isə birbaşa məktəbin büdcəsinin azalması, infrastrukturun zəifləməsi və müəllimlərin maddi təminatının aşağı düşməsi deməkdir. Əksinə, yüksək keyfiyyət təklif edən məktəblərə şagird axını artır, nəticədə müəssisənin maliyyə imkanları genişlənir. Toplanan əlavə vəsait müasir İKT avadanlıqlarının alınmasına, laboratoriyaların qurulmasına, məktəbin maddi-texniki bazasının yenilənməsinə və ən əsası, peşəkar müəllimlərin maddi həvəsləndirilməsinə yönəldilir ki, bu da tədris prosesinin səviyyəsini daha da stimullaşdırır. Beynəlxalq təcrübə və elmi-pedaqoji araşdırmalar göstərir ki, adambaşına maliyyələşmə məktəb rəhbərliyinin maliyyə müstəqilliyini və muxtariyyətini artırır. Məktəb daxili ehtiyacları ən yaxşı bilən idarəedici subyekt olaraq direktor və pedaqoji şura gələn vəsaiti yuxarı instansiyaların diktəsi ilə deyil, birbaşa təhsilin keyfiyyətinə xidmət edən sahələrə, məsələn, müəllimlərin ixtisasartırma təlimlərinə və ya əlavə dərslərin təşkilinə xərcləyə bilir. Hesab edirəm ki, şagird sayına əsaslanan maliyyələşmə sadəcə bir mühasibat islahatı deyil, təhsil müəssisələrini şagird və valideyn məmnuniyyətinə, şəffaflığa və rəqabətqabiliyyətli akademik nəticələrə sövq edən və keyfiyyətə hədəflənmiş yanaşmadır. Yerli təhsil müəssisələrimizin bu müasir iqtisadi-pedaqoji yanaşmadan nə dərəcədə səmərəli istifadə edəcəyini, şübhəsiz ki, zaman göstərəcək. Lakin ən böyük gözlənti odur ki, bu mütərəqqi yenilik formal xarakter daşımasın, beynəlxalq təcrübənin uğurlu nümunələri əsasında ölkə reallığına doğru tətbiq edilsin. Fikrimcə, təhsil sistemi üçün strateji əhəmiyyət kəsb edən belə bir islahatın sadəcə qısamüddətli bir eksperiment olaraq qalmaması, bir neçə ildən sonra “səmərəli olmadı” arqumenti ilə yarımçıq dayandırılmaması və təhsil siyasətinin davamlı elementi kimi qorunması sistemin gələcək uğuru üçün həlledici şərtdir”.