Hörmətli cənab Prezident!
İlk növbədə, Sizə Azərbaycan dövlətinin inkişafı, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, xalqımızın milli qürurunun özünə qaytarılması istiqamətində gördüyünüz tarixi işlərə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Bu gün işğaldan azad olunmuş doğma torpaqlarımızda, Kəlbəcər rayonunda çalışmaq mənim üçün sadəcə əmək fəaliyyəti deyil, həm də böyük qürur, mənəvi məsuliyyət və tarixi bir missiyadır. İllərlə həsrətində olduğumuz bu torpaqlarda Azərbaycan bayrağının dalğalanması, yeni həyatın qurulması, yolların çəkilməsi, infrastrukturun yaradılması və insanların öz doğma yurdlarına qayıtması hər bir azərbaycanlı üçün əvəzolunmaz sevincdir.
Cənab Prezident, Sizin qətiyyətli siyasətiniz, uzaqgörən rəhbərliyiniz və milli maraqlara əsaslanan prinsipial mövqeyiniz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynamışdır. Xüsusilə Vətən müharibəsi dövründə nümayiş etdirdiyiniz siyasi iradə, xalqımıza verdiyiniz inam və Müzəffər Ali Baş Komandan kimi göstərdiyiniz rəhbərlik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilmişdir.
Sizin rəhbərliyinizlə formalaşan "Dəmir yumruq" təkcə hərbi gücün ifadəsi deyil, həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, milli iradəsinin və sarsılmaz dövlətçilik ruhunun rəmzidir. Həmin birlik və qətiyyət bizə illərlə gözlədiyimiz Zəfəri yaşatdı. Bu gün azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri isə həmin Zəfərin davamı, gələcək nəsillərə ötürülən böyük mirasdır.
Dövlətimizin vətəndaşlarına göstərdiyi diqqət və qayğı, şəhid ailələrinə və qazilərə verilən dəyər, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün həyata keçirilən layihələr insan amilinə verilən önəmin bariz nümunəsidir. Bu qayğı və diqqət xalqımızın dövlətinə olan inamını daha da möhkəmləndirir.
Mən də bir Azərbaycan vətəndaşı olaraq bu gün Kəlbəcərdə çalışmağı, azad edilmiş torpaqlarımızın yenidən qurulmasına öz əməyimlə töhfə verməyi özüm üçün böyük şərəf hesab edirəm. İnanıram ki, burada çalışan hər bir insanın əməyi gələcəkdə daha qüdrətli, daha inkişaf etmiş Azərbaycanın qurulmasına xidmət edir.
Hörmətli cənab Prezident!
Dövlətimizin gələcəyi naminə həyata keçirdiyiniz bütün işlərdə Sizə davamlı uğurlar arzulayıram. Azərbaycanımız daim güclü, müstəqil və qalib dövlət olsun!
Allah dövlətimizi, xalqımızı və üçrəngli bayrağımızı qorusun!
Dərin hörmət və ehtiramla,
Vüsal Əbilov,
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.