Bəlli olduğu kimi, Azərbaycan Respublikasında İran İslam Respublikasının 14 vətəndaşı “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
Siyahıda məsul vəzifə tutan din xadimləri, parlamentin keçmiş və indiki deputatları, ekspertlər, media və sənət adamları var.
Mövzu ilə bağlı Medianews.az politoloq Natiq Miri ilə söhbətləşib.
- Azərbaycanın 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etməsi iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti barədə hansı mesajı verir?
- Əvvəla, bu, dövlətimizin Azərbaycana qarşı yönəlmiş düşmənçilik siyasətinə verdiyi adekvat cavabdır. Azərbaycana qarşı düşmənçiliyi həyat tərzinə çevirən şəxslərin ölkəmizə girişi, əlbəttə, qadağan olunmalıdır. Siyahıda adı olan adamlar Azərbaycanda gedən hansısa prosesə münasibət bildirməklə deyil, açıq şəkildə düşmənçilik aparmaqla məşğuldurlar. Özü də bu, sistematik hal alıb. Bu insanların davranışına, açıqlamalarına, çağırışlarına diqqət yetirəndə aydın olur ki, onlar Azərbaycan əleyhinə formalaşmış ciddi bir şəbəkənin tərkib hissəsidir. Ona görə də Azərbaycan dövləti bu hadisələrə uyğun reaksiya verir. Bu, Azərbaycanın haqqıdır.
- Hadisə Azərbaycanın milli təhlükəsizlik və xarici siyasət prioritetləri baxımından necə qiymətləndirilməlidir?
- Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün mütəmadi olaraq lazımi addımları atır. “Qara siyahı”dakılar Azərbaycanda yanlış dini baxışlar formalaşdırmaqla, xüsusi şəbəkələr yaratmaqla dövlət quruluşumuzu dəyişməyə çağırışlar edirlər. Bu, bir dövlətin daxili işlərinə qarışmaqla yanaşı, cinayət tərkibli çağırışlardır. Çünki konstitusiya quruluşunun devrilməsinə və məhv edilməsinə yönəlmiş addımlar çox ciddi cinayət məsuliyyəti yaradır.
Bu baxımdan Azərbaycan həm hüquqi, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi nöqteyi-nəzərindən özünümüdafiə mexanizmlərindən istifadə etməlidir. Baş verən hadisə də bunu təsdiqləyir.
- 14 iranlının “arzuolunmaz şəxs” elan edilməsi diplomatik münasibətlərdə gərginliyin yeni mərhələyə keçdiyinin göstəricisi sayıla bilərmi?
- 14 şəxsin “qara siyahı”ya salınması dövlətlər arasında münasibətlərə təsir edə bilməz və etməməlidir. Əgər təsir edirsə, bu, İran dövlətinin Azərbaycanla münasibətlərdə səmimi olmadığını ortaya qoyur. Çünki Azərbaycanın qardaş Türkiyədə “qara siyahı”ya saldığı şəxslər var. Hətta həmin şəxslərin Türkiyədə məsuliyyətə cəlb olunması ilə bağlı addımlar atılıb. Yəni bu, dövlətin məsuliyyətidir.
Türkiyə bu yanlışlığı anladığı üçün həmin şəxslərin saxlanılması, dindirilməsi barədə qərarlar verdi. Yəni Azərbaycana qarşı düşmənçilik siyasəti yürütmədi, müharibə elan etmədi. İrandan da gözlənilən budur. Çünki ortada fakt var. Azərbaycana qarşı açıq şəkildə çox təhlükəli çağırışlar, bəyanatlar və konkret fəaliyyətlər mövcuddur.
Bu baxımdan düşünürəm ki, İran da Türkiyə kimi adekvat davranmalıdır. Əks halda, bu, İranın Azərbaycana qarşı qeyri-səmimi münasibətini ortaya qoyacaq. Ancaq İran Türkiyə deyil. İranda vahid güc mərkəzi də mövcud deyil. Bu gün İranda bir yandan hərbi diktaturanın, digər yandan dini hakimiyyətin tərəfdarları, eyni zamanda başqa qüvvələr, o cümlədən beyni yalançı fikirlərlə zombiləşdirilmiş qruplar var. Bir də hökumət var. Əlbəttə, prezident Pezeşkianın başçılıq etdiyi hökumətin Azərbaycana münasibətində müəyyən yumşaqlıq və səmimiyyət, dostluq meyli hiss olunur. Ancaq təəssüf ki, SEPAH və din alverçiləri səviyyəsində Azərbaycana qarşı hər zaman yalnız düşmən münasibətin şahidi olmuşuq. Həmin güc mərkəzlərini və onlara məxsus medianı izləsəniz, bunu açıq şəkildə görə bilərsiniz.
İranın ən böyük problemi elə budur. İranın Azərbaycana münasibətini qiymətləndirərkən vəziyyəti birmənalı şəkildə proqnozlaşdırmaq olmur. Çünki hansı güc mərkəzinin mövqeyindən danışıldığını müəyyənləşdirmək çətindir.
Əslində, ABŞ-İran qarşıdurması məsələsində də ən böyük problem buradan qaynaqlanır. Hökumət bir söz deyir, SEPAH isə başqa mövqe sərgiləyir. Mollaları da bu sıraya qatsaq, hər ağızdan bir avaz gəlir. Ona görə İranla münasibətlərdə problemlər var və bundan sonra da olacaq.