2027-ci ildə dövlət büdcəsi kəsirinin əvvəlki illə müqayisədə artacağı, onun maliyyələşdirilməsində isə əvvəlki illərdə olduğu kimi əsasən borclanma mənbələrinə üstünlük veriləcəyi proqnozlaşdırılıb.
Ölkə.az-ın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci il dövlət büdcəsinin müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, büdcə layihəsində 2027-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 140,0 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 15,0 mln. manat və ya 12,0% çoxdur:
"2026-cı ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 mln. manat daxil olub. Bu da illik proqnozun 97,7%-ni təşkil edir".
"Özəlləşmə ilə bağlı onu da qeyd edim ki, cari ilin 6 ayında özəlləşdirmədən daxilolmalar üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş borc üzrə qalıq məbləğ 7,0 mln. manat azalaraq 79,6 mln. manat təşkil edib", - deyə V. Gülməmmədov əlavə edib.