Soyuqdəymədə faydalı hesab etdiyimiz üsullar zərərli ola bilər - HƏKİMDƏN XƏBƏRDARLIQ

Soyuqdəymə zamanı bol ilıq maye qəbul etmək, yatmaq, havanın rütubətini qorumaq, öskürəyə qarşı baldan istifadə etmək və burunu duzlu məhlulla yumaq faydalıdır.

"Lenta.ru"ya istinadən, bunu rusiyalı həkim Aleksandr Umnov deyib.

Həkim immuniteti gücləndirmək üçün reklam edilən çay və qida əlavələrinin faydasız olduğunu bildirib. Onun sözlərinə görə, bədəni spirt və sirkə ilə ovuşdurmaq, ayaqları isti suda saxlamaq, buruna soğan şirəsi damızdırmaq isə zərərlidir.

“Soyuqdəymə zamanı insanın əsas məqsədi orqanizmi dəstəkləmək və simptomları yüngülləşdirməkdir. İlıq maye seliyi durulaşdırır və orqanizmin itirdiyi mayeni bərpa edir. Gündə 2-2,5 litr maye qəbul etmək kifayətdir, lakin içki yandıracaq qədər isti deyil, ilıq olmalıdır. Yatmazdan əvvəl bir qaşıq bal gecə öskürəyini yüngülləşdirir. Onun təsiri bəzi aptek preparatları ilə müqayisə edilə bilər. Lakin bal azyaşlı uşaqlara və şəkərli diabet xəstələrinə verilməməlidir”, – deyə həkim izah edib.

Onun sözlərinə görə, burunun duzlu məhlulla yuyulması virusları və seliyi mexaniki şəkildə təmizləyir. Sərin və rütubətli hava isə selikli qişaların vəziyyətini yaxşılaşdırır və virusların yaşama qabiliyyətini azaldır. Umnov əlavə edib ki, məhlulu ev şəraitində bir litr qaynadılmış suya bir çay qaşığı duz əlavə etməklə hazırlamaq mümkündür.

Həkim yuxunun da müalicənin vacib hissəsi olduğunu vurğulayıb. Belə ki, yuxusuzluq infeksiyanın gedişatını ağırlaşdıra bilər. Bununla yanaşı, o qeyd edib ki, sarımsaq və soğan qida kimi faydalıdır, lakin viruslara qarşı vasitə kimi təsir göstərmir.

A.Umnovun sözlərinə görə, yüksək dozada C vitamini qəbulu soyuqdəymənin qarşısını almır. Simptomlar ortaya çıxdıqdan sonra bu vitaminin qəbuluna başlamaq isə artıq gecdir. Əksinə, C vitamininin həddindən artıq qəbulu böyrək daşlarına və ishala səbəb ola bilər.

Həkim exinaseya, zəncəfil və immuniteti gücləndirmək üçün nəzərdə tutulan çayların effektivliyini təsdiqləyən elmi sübutların zəif və ya ümumiyyətlə olmadığını bildirib. Moruq mürəbbəsinin əsasən şəkərdən ibarət olduğunu və hərarəti salmadığını qeyd edib. Onun sözlərinə görə, xardal plastırları, bankalar və xardallı corablar virus infeksiyasının gedişatına təsir etmir. Antibiotiklər isə ümumiyyətlə viruslara qarşı təsirsizdir.

“Xüsusilə uşaqlarda bədəni araq, spirt və ya sirkə ilə ovuşdurmaq təhlükəlidir. Spirt dəri vasitəsilə orqanizmə sorula bilər, buxarlanma isə damarların spazmına səbəb olur. Hərarət zamanı ayaqları isti suda saxlamaq, qaynar vanna qəbul etmək və xəstəliyin kəskin dövründə hamama getmək də məsləhət görülmür. Qızdırma zamanı damar və ürəyə düşən qəfil yük ciddi fəsadlarla nəticələnə bilər. Boğazı hidrogen peroksid və spirtlə qarqara etmək selikli qişanı yandırır. Buruna soğan və sarımsaq şirəsi damızdırmaq isə yanıq və uşaqlarda otit riski yaradır”, – deyə A.Umnov xəbərdarlıq edib.