AK: Gürcüstanın Aİ-yə üzvlüklə bağlı bəyan etdiyi istəkləri ritorikası ilə uyğun gəlmir

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin hökumətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması istiqamətində addım atmayacağı barədə bəyanatı Konstitusiya və 2025-2028-ci illər üçün hökumət proqramında müəyyən edilmiş prioritetlərə ziddir.

Bu barədə bu gün dərc olunması gözlənilən Avropa Komissiyasının (AK) hesabatında bildirilib.

“Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlük istiqamətində bəyan etdiyi istəklər onun düşmənçilik xarakterli, Aİ əleyhinə ritorikası, manipulyativ narrativləri və sistemli şəkildə irəli sürülən sui-qəsd nəzəriyyələri, eləcə də Avropa İttifaqının dəyərlərini gözdən salması və Aİ ilə bağlı əsas islahatların həyata keçirilməsinə laqeyd yanaşması ilə köklü şəkildə ziddiyyət təşkil edir.

2024-cü ilin noyabrında Baş nazirin hökumətin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması istiqamətində addım atmayacağı barədə bəyanatı Konstitusiya və 2025-2028-ci illər üçün hökumət proqramında müəyyən edilmiş prioritetlərə ziddir. Bu, həmçinin Gürcüstan vətəndaşlarının ölkənin Avropa İttifaqına üzvlüyünə verdiyi geniş dəstəklə kəskin ziddiyyət təşkil edir”, - hesabatda vurğulanıb.