Yaponiyanın paytaxtı Tokionun Nakano bölgəsində yerləşən saat mağazasından oğurlanan, təxminən 292 min dollar dəyərində lüks qol saatı bir neçə gün sonra mağazaya geri göndərilib.
Yaponiya polisi hadisə ilə bağlı açıqlamasında bildirib ki, mağazaya gələn şəxs saatı yoxlamaq bəhanəsi ilə götürərək hadisə yerindən qaçıb.
Məlumata görə, oğurluqdan bir neçə gün sonra mağazaya içərisində həmin saat olan bağlama göndərilib. Bağlamanın içərisində əl yazısı ilə qələmə alınmış üzrxahlıq məktubu da olub.
Polis bağlamanın saxta ad və ünvanla göndərildiyini, mağaza əməkdaşlarının isə geri qaytarılan saatın oğurlanan məhsul olduğunu təsdiqlədiklərini bildirib.
Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmaları davam etdirir.