"Cari ilin 9 ayında ümumi daxili məhsul 1,5%, qeyri-neft-qaz sektorunda isə bu göstərici 2,6% artıb. Artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyri-neft qaz sektoru üzrə artımın aparıcı mənbəyi əsasən qeyri-neft-qaz sənayesi, nəqliyyat logistika və rəqəmsal xidmətlər olmuşdur. Belə ki, cari ilin 9 ayında qeyri-neft-qaz sənayesi 6,3%, nəqliyyat sektoru 10%, informasiya rabitə sektoru 11,1% artım baş verib".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Elvin Camalov deyib.
O qeyd edib ki, digər bir mühüm göstərici əsas kapitallı investisiyalarda təxminən 10,9% artım olub və rəqəm 14,7 milyard manat təşkil edib: “Qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə 21% ətrafında artıb.
Eyni zamanda bir məqamı qeyd etmək istərdim ki, ilin sonuna qədər dövlət büdcəsi xərclərinin, xüsusilə əsaslı xərclərin tam icrası iqtisadi artımın sürətinə müsbət təsir edəcək mühüm amillərdən biridir.
Neft fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 9 ayda 20,5% artaraq 3,2 milyard manata çatıb. Bunun 60%-i sənaye məhsuludur. Neft fondunun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25% artaraq 7,1 milyard dollar profisitlə formalaşıb. 12 aylıq inflyasiya ölkədə 5,5% olub və bu da mərkəzi bankın müəyyən etdiyi hədəf diapazonuna daxildir”.
Aparat rəhbəri bildirib ki, iqtisadi artım amili ilə yanaşı, şəffafllaşma, iqtisadiyyatın ağarması ölçüləbilən fiskal nəticələr verir: “Belə ki, cari ilin 9 ayında vergilər üzrə proqnoz 107,2%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 102,9% icra edilib ki, bu da illik proqnozun artıq 80,6% icrası deməkdir. Vergi daxilolmaları 9,4%, qeyri-neft-qaz vergi daxilolmaları isə 12,6% artıb. Bu, qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələmişdir, təxminən artım faizi 7,6% olmuşdur. Qeyri-neft-qaz sektorundan daxilolmaların 75%-i özəl bölmənin payına düşür.
Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərində qeyri-neft-qaz vergi daxilolmalarının payı 63%-i ötüb.
Məcburi dövlət sosial sığorta ödənişləri üzrə də 8,5% artım olub. Bu tədiyə növü üzrə 5 milyard manat vəsait toplanıb, proqnoz 105,6% icra olunub. Əmək bazarının şəffafllaşması şəraitində sosial sığorta daxilolmalarının son illərdə davamlı artması dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə vermişdi. Belə ki, dövlət sosial müdafiə fondunun gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 36%-dən cari ilin 9 ayında 20%-ə enib”.