Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” noyabrın 4-dən 5-nə keçən gecə “Vikinq”in qonağı olacaq. Norveçin bu klubu ilə indiyədək heç bir Azərbaycan təmsilçisi qarşılaşmayıb. Bununla belə, adı çəkilən ölkənin digər təmsilçiləri klublarımıza rəqibi olub.
Norveçlilərlə ilk dəfə “Qarabağ” üz-üzə gəlib. Ağdamlılar 2009/10 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Rusenborq”la iki oyun keçirib. İlk görüşdə qolsuz heç-heçə edən “Qarabağ” evdəki qələbə sayəsində mərhələ adlayıb.
16.07.2009. Avropa Liqası. 2-ci təsnifat mərhələsi, ilk oyun. “Rusenborq” – “Qarabağ” 0:0
23.07.2009. Avropa Liqası. 2-ci təsnifat mərhələsi, cavab oyunu. “Qarabağ” – “Rusenborq” 1:0
Norveç klubu ilə qarşılaşan digər təmsilçimiz “İnter” (indiki “Şamaxı”) olub. Bakı klubu 2013/14 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Tromse” ilə üz-üzə gəlib. İlk oyunda səfərdə 0:2 hesabı ilə uduzan “bankirlər” evdəki cavab görüşündə 1:0 hesablı qələbə qazansalar da, iki matçın nəticəsinə görə mübarizəni dayandırıblar.
18.07.2013. Avropa Liqası. 2-ci təsnifat mərhələsi, ilk oyun. “Tromse” – “İnter” 2:0
25.07.2013. Avropa Liqası. 2-ci təsnifat mərhələsi, cavab oyunu. “İnter” – “Tromse” 1:0
“Qarabağ” 2020/21 mövsümündə yenidən Norveç təmsilçisi ilə qarşılaşıb. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə üz-üzə gələn Ağdam klubu pandemiya səbəbindən neytral meydanda keçirilən bir oyunda mübarizə aparıb. Əsas və əlavə vaxtda qapılara qol vurulmayıb. Penalti seriyasında isə rəqib daha dəqiq olub.
16.09.2020. Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. “Qarabağ” – “Molde” 0:0, p. - 5:6
Bu komandalar üç il sonra, 2023/24 mövsümündə yenidən qarşılaşıblar. Bu dəfə oyunlar Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutub. “Qarabağ” Bakıda keçirilən ilk oyunda rəqibini məğlub edib. 5-ci turda Norveçdə keçirilən cavab görüşündə isə tərəflər qollu heç-heçəyə razılaşıb.
21.09.2023. Avropa Liqası. Qrup mərhələsi, 1-ci tur. “Qarabağ” – “Molde” 1:0
30.11.2023. Avropa Liqası. Qrup mərhələsi, 5-ci tur. “Molde” – “Qarabağ” 2:2
Azərbaycan və Norveç klublarının son dueli 2024/25 mövsümündə baş tutub. Avropa Liqasının liqa mərhələsinin 4-cü turunda “Qarabağ” səfərdə “Bude/Qlimt”lə üz-üzə gəlib. Ağdamlılar tarixində ilk dəfə Norveç təmsilçisini səfərdə məğlub edib.
07.11.2024. Avropa Liqası. Liqa mərhələsi, 4-cü tur. “Bude/ Qlimt” – “Qarabağ” 1:2.