Tramp məğlubiyyəti qəbullanıb Demokrtalarla anlaşacaq? - ŞƏRH

ABŞ-də keçirilən aralıq seçkilərdə Prezident Donald Trampın dəstəklədiyi Respublikaçıların məğlubiyyəti ölkənin siyasi gündəmində müzakirələrə səbəb olub.

Məğlubiyyətdən sonra Tramp Demokratlarla əməkdaşlığa hazır olduğunu bəyan edib və seçkilərin nəticələrini qəbul edəcəyini bildirib. Bununla belə, Respublikaçıların uğursuzluğu Ağ Evin gələcək siyasi kursuna, Trampın Konqresdəki mövqeyinə və prezidentliyinin qalan dövrünə necə təsir edəcəyi suallar doğurur.

Trampın dəstəklədiyi Respublikaçıların aralıq seçkilərində məğlubiyyətini ABŞ prezidentinin şəxsi siyasi məğlubiyyəti kimi qiymətləndirmək olarmı? Trampın Demokratlarla əməkdaşlığa hazır olduğunu bildirməsi məğlubiyyətdən sonra yaranmış siyasi reallığa uyğunlaşmaq cəhdidir?

Bu barədə politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələri Donald Trampın ikinci prezidentlik dövrünün qalan hissəsi üçün ciddi siyasi çağırışlar yaradıb:

“Demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda nəzarəti ələ keçirməsi Respublikaçılar Partiyasının mövqelərinə ağır zərbə olmaqla yanaşı, Trampın siyasi strategiyasının və hakimiyyət idarəçiliyinin də seçicilər tərəfindən qiymətləndirilməsi kimi qəbul edilir. İndiyə qədər Respublikaçıların qalası hesab edilən ayrı-ayrı ştatlarda Demokratların qələbəsi də bunun bariz sübutudur”.

Politoloq Trampın şəxsi siyasi məğlubiyyəti kimi qiymətləndirmək üçün də kifayət qədər əsasın olduğunu açıqlayıb:

“Çünki Tramp seçki kampaniyası dövründə Respublikaçı namizədlərə açıq dəstək verməklə kifayətlənməyib, faktiki olaraq aralıq seçkilərini özünün siyasi kursuna etimad məsələsinə çevirmişdi. Tramp davamlı olaraq seçiciləri onun administrasiyasının fəaliyyətini nəzərə almağa çağırışlar edərək Respublikaçıların qələbəsini öz siyasətinin davam etdirilməsi üçün mühüm amil kimi təqdim edirdi. Nəticədə partiyanın məğlubiyyəti avtomatik olaraq prezidentin siyasi nüfuzuna da təsir göstərir və bunu danmaq mümkün deyil. Məğlubiyyətin səbəbləri arasında iqtisadi vəziyyət, yaşayış xərclərinin artması, inflyasiya, İranla müharibənin yaratdığı narazılıq və administrasiyanın idarəçilik siyasətinə münasibət xüsusi yer tutur. Seçicilərin əhəmiyyətli hissəsi qiymət artımına görə Trampı məsul hesab edərək, ölkənin ümumi inkişaf istiqamətindən narazılığını seçkidə ifadə etmiş oldular. Böyük ehtimalla Trampın şəxsən dəstəklədiyi bəzi namizədlərin də məğlub olması onun Respublikaçılar daxilində siyasi nüfuzunun müzakirəyə çıxarılmasına səbəb olacaq. Bununla belə, seçkilərin nəticələrini təkcə Trampın şəxsi nüfuzuna qarşı etimadsızlıq kimi şərh etmək də düzgün olmazdı. Aralıq seçkilər həm də seçicilərin iqtisadi və sosial problemlərə, Konqresin fəaliyyətinə və ümumi siyasi vəziyyətə münasibətini əks etdirir. Deməli, burada həm prezidentin siyasi kursuna, həm də Respublikaçıların namizəd və seçki strategiyasına dair narazılıq amilləri mövcuddur. Trampın Demokratlarla əməkdaşlığa hazır olduğunu bəyan etməsi isə ilk növbədə yeni siyasi reallığa uyğunlaşmaq cəhdi kimi qiymətləndirilə bilər. Prezident başa düşür ki, Konqresin hər iki palatasında Demokratların üstünlük əldə etməsi onun qanunvericilik təşəbbüslərinin həyata keçirilməsini xeyli çətinləşdirəcək. Eyni zamanda, Ağ Ev ilə Konqres arasında uzunmüddətli qarşıdurma administrasiyanın fəaliyyət imkanlarını məhdudlaşdıra və Trampın prezidentliyinin qalan dövrünü siyasi mübarizə meydanına çevirə bilər. Çünki yeni siyasi konfiqurasiyada Demokratlar Konqres komitələrinə rəhbərlik etmək, administrasiyanın fəaliyyətini araşdırmaq, büdcə müzakirələrində təsir imkanlarını artırmaq və prezidentin təqdim etdiyi qanun layihələrinə qarşı çıxmaq imkanları əldə edəcəklər. Senatda demokratların çoxluğu həmçinin prezidentin hakim və digər yüksək vəzifəli şəxslərlə bağlı namizədlərinin təsdiqlənməsini çətinləşdirə bilər. Tramp prezident kimi veto hüququnu və icra hakimiyyətinin geniş səlahiyyətlərini qoruyub saxlasa belə bir sıra hallarda, xüsusən də büdcənin təsdiqində Demokratların mövqeyini nəzərə almaq məcburiyyətində qalacaq”.

R.Bayramov bir sıra diqqətçəkən məqamların da olduğunu vurğulayıb:

“Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, Tramp əməkdaşlıq mesajı verməklə yanaşı, Demokratların qəbul edəcəyi və özünün qəbuledilməz hesab etdiyi qanun layihələrinə veto qoyacağını da bildirib. Bu isə onun əməkdaşlıq təklifinin siyasi güzəştdən daha çox, qarşılıqlı maraqlar əsasında məhdud razılaşmalar əldə etmək niyyətini əks etdirdiyini göstərir. Beləliklə, 2026-cı il aralıq seçkilərində Respublikaçıların məğlubiyyəti Trampın prezidentlik dövrünün qalan hissəsində siyasi manevr imkanlarını məhdudlaşdıran mühüm hadisədir. Bu nəticə onun şəxsi siyasi nüfuzuna da zərbə vurur və Respublikaçılar daxilində gələcək liderlik uğrunda müzakirələri sürətləndirə bilər. Demokratlarla əməkdaşlığa hazır olduğunu bildirməsi isə Vaşinqtonda yaranmış yeni güc balansını nəzərə almaq cəhdidir. Beləliklə, Tramp qarşıdakı iki ildə həm Demokratların nəzarətindəki Konqreslə münasibətləri tənzimləməli, həm də 2028-ci il prezident seçkiləri ərəfəsində öz siyasi irsini qorumağa çalışmalı olacaq”.