“Əslində problem “TikTok” deyil, təhsil siyasətinin məntiqidir...”
“Təhsil siyasəti ayrı-ayrı hadisələrə verilən ani reaksiyaların məcmusu olmamalıdır. O, uzunmüddətli məqsədlərə, tədqiqatlara, risk təhlilinə, pedaqoji prinsiplərə və nəticələrin qiymətləndirilməsinə əsaslanmalıdır...”
“Təhsil siyasətində davamlılıq bütün qərarların dəyişməz qalması deyil;, dəyişən qərarların əvvəlki təcrübədən öyrənməklə əsaslandırılmasıdır...”
“Məktəb şagirdini internetdən müvəqqəti uzaqlaşdıra bilər. Ancaq onu internetdə düzgün davranmağa öyrətmədən rəqəmsal cəmiyyətə hazırlaya bilməz…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Ziddiyyətli təhsil siyasəti: ETN dünən “TikTok”la əməkdaşlıq edirdi, bu gün isə onu məhdudlaşdırır?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycanda məktəblərdə “TikTok” platformasına çıxışın məhdudlaşdırılması uşaqların rəqəmsal təhlükəsizliyi kontekstində müzakirəyə çıxarılıb. ETN –dən bildirilir ki, məktəblərdə “TikTok”-a çıxışla yanaşı, zərərli məzmun daşıyan təxminən 200 səhifəyə də məhdudiyyət tətbiq edilib. Bu addımın əsaslandırılması kimi cinayət, narkotik vasitələr və zorakılıqla bağlı məzmunların qarşısının alınması göstərilir.
İlk baxışda bu qərar məntiqli görünür: məktəb uşaqları zərərli təsirlərdən qorumalıdır. Heç bir ciddi pedaqoq uşaqların zorakılıq, narkotik təbliğatı və digər təhlükəli materiallara nəzarətsiz məruz qalmasını müdafiə edə bilməz.
Ancaq məsələni yalnız təhlükəsizlik prizmasından qiymətləndirmək kifayət deyil. Burada daha köklü suallar meydana çıxır: Dünən müəllimlərin təhsil məzmununu yaymaq üçün əməkdaşlıq edilən platforma bu gün niyə məktəblərdə məhdudlaşdırılır? Əvvəlki əməkdaşlıq hansı təhlilə söykənirdi? Yeni qərar hansı tədqiqatın, risk qiymətləndirilməsinin və nəticələrin əsasında qəbul olunub?..
Təhsil siyasətində əsas problem qərarın dəyişməsi deyil. Yeni faktlar, risklər və tədqiqat nəticələri əvvəlki mövqeyə yenidən baxmağı tələb edə bilər. Əsas problem dəyişikliklərin aydın elmi əsaslandırma, şəffaf izah və ölçülə bilən nəticələrlə müşayiət olunmamasıdır.
Dünən təhsil innovasiyası, bu gün təhlükə mənbəyi: ETN-nin mövqeyi necə izah olunmalıdır?
ETN-nin rəsmi saytında dərc olunan məlumata əsasən, nazir E. Əmrullayev “TikTok” nümayəndələri ilə görüşərək elm və təhsil sahəsində əməkdaşlığın qurulmasını, maarifləndirici layihələri və müəllimlərin təhsil məzmununu geniş auditoriyaya çatdırmaq imkanlarını müzakirə edib.
Bundan başqa, nazirliyin dəstəyi ilə AzərbaycanMüəllimləri təşəbbüsü həyata keçirilib. Müəllimlərdən fənlər üzrə maarifləndirici videolar hazırlamaq və onları “TikTok”-da paylaşmaq tələb olunub. Təşəbbüsün elanında ən çox baxış toplayan üç iştirakçının mükafatlandırılması da nəzərdə tutulurdu.
Bu faktlar bir sıra prinsipial suallar doğurur.
1) əgər “TikTok” müəllimlərin öz biliklərini yayması, təhsili populyarlaşdırması və cəmiyyətin maarifləndirilməsi üçün əlverişli platforma idisə, onun riskləri həmin dövrdə qiymətləndirilmişdimi? Platformanın alqoritmləri, məzmunun seçilməsi mexanizmi, uşaqların davranışına mümkün təsirləri və təhlükəsizlik problemləri əvvəlcədən araşdırılmışdımı?
2) əgər platformanın riskləri əvvəldən məlum idisə, niyə əməkdaşlıq təşəbbüsünün hazırlanmasında bu risklərə dair açıq şərtlər, təhlükəsizlik meyarları və nəticələrin monitorinqi barədə ictimaiyyətə dolğun məlumat təqdim edilmədi?
3) əgər sonradan yeni risklər müəyyən olunubsa, hansı yeni faktlar əvvəlki yanaşmaya yenidən baxılmasını zəruri etdi? Bu barədə hansı araşdırmanın nəticələri var?
Bu suallara cavab verilmədən qərarların dəyişməsini ardıcıl və sistemli təhsil siyasətinin tərkib hissəsi kimi təqdim etmək çətindir.
Burada mühüm bir fərqi də unutmaq olmaz: müəllimlərin platformadan təhsil məzmununu yayması ilə şagirdlərin dərs zamanı həmin platformaya sərbəst çıxışı eyni məsələ deyil. Əməkdaşlıq və məhdudlaşdırma prinsip etibarilə bir-birinə zidd olmaya bilər. Nazirlik bir tərəfdən platformadakı faydalı təhsil məzmununu dəstəkləyə, digər tərəfdən məktəbdə şagirdlərin qeyri-tədris məqsədli istifadəsini məhdudlaşdıra bilər. Ancaq belə fərqli yanaşma varsa, onun məntiqi açıq şəkildə izah edilməlidir. İctimaiyyətə yalnız iki fərqli qərarın nəticəsini göstərib onların arasında hansı analitik əlaqənin olduğunu açıqlamamaq idarəetmədə kommunikasiya boşluğu yaradır.
Təhsil siyasəti elmi faktlarla, yoxsa gündəmin təzyiqi ilə formalaşır?..
Təhsil siyasəti ayrı-ayrı hadisələrə verilən ani reaksiyaların məcmusu olmamalıdır. O, uzunmüddətli məqsədlərə, tədqiqatlara, risk təhlilinə, pedaqoji prinsiplərə və nəticələrin qiymətləndirilməsinə əsaslanmalıdır. Sosial şəbəkələrdə zərərli məzmunun yayılması real problemdir. Lakin real problemin mövcudluğu seçilən hər hansı tədbirin avtomatik olaraq səmərəli olduğunu sübut etmir.
Bir platformaya çıxışın məhdudlaşdırılması qərarından əvvəl ən azı dörd məsələ araşdırılmalıdır:
• Riskin səviyyəsi: Şagirdlər hansı yaş qruplarında və hansı şəraitdə daha çox risklə üzləşirlər?
• Problemin miqyası: Təhlükə konkret zərərli hesab və səhifələrdən, fərdi davranışlardan, yoxsa platformanın ümumi istifadə modelindən qaynaqlanır?
• Tədbirin səmərəliliyi: Məktəb şəbəkəsində bloklama zərərli məzmuna çıxışı faktiki olaraq nə qədər azaldır?
• Alternativlərin müqayisəsi: Konkret səhifələrin filtrasiya edilməsi, şagird hesablarının qorunması, rəqəmsal savadlılıq təlimləri və yaşa uyğun istifadə qaydaları eyni məqsədə daha az məhdudlaşdırıcı vasitələrlə nail ola bilərmi?
Bu suallara cavab verilmədən qərarın uğurunu yalnız “çıxış bağlandı” faktı ilə ölçmək olmaz.
UNESCO-nun 2023-cü il Qlobal Təhsil Monitorinqi hesabatında texnologiyanın təhsilə təsirinə dair müstəqil və etibarlı sübutların məhdud olduğu, qərarların isə öyrənənlərin ehtiyacları, məqsədəuyğunluq, bərabərlik və sübutlara əsaslanmalı olduğu vurğulanır. Buradan ETN üçün mühüm nəticə çıxır: texnologiyanın faydalarını şişirtmək nə qədər yanlış yanaşmadırsa, bütün riskləri bir ümumi qadağa ilə həll olunmuş hesab etmək də bir o qədər problemlidir.
Elmi əsaslandırılmış təhsil siyasəti texnologiyaya kor-koranə inamla texnologiyadan qorxmaq arasında seçim etmir. O, konkret məqsədə hansı vasitənin daha səmərəli xidmət etdiyini müəyyənləşdirir.
“TikTok”-u bloklamaq uşaqları rəqəmsal təhlükələrdən qoruyacaqmı?
Bu sualın cavabı yalnız texniki məhdudiyyətin tətbiq edilib-edilməməsindən asılı deyil. Məhdudiyyətin hansı mühitdə, hansı yaş qrupuna, hansı risklərə qarşı və hansı əlavə tədbirlərlə tətbiq olunması həlledicidir. Məktəbin internet şəbəkəsində platformaya çıxışın bağlanması şagirdlərin həmin şəbəkədən istifadəsi zamanı bəzi riskləri azalda bilər. Lakin bu, onların məktəbdən kənarda fərdi mobil telefon, mobil internet və ya başqa rəqəmsal vasitələr üzərindən platformaya çıxışını avtomatik aradan qaldırmır. Deməli, məktəb şəbəkəsində texniki bloklama rəqəmsal təhlükəsizliyin yalnız bir komponentidir, bütöv təhlükəsizlik sistemi deyil.
OECD uşaqların rəqəmsal mühitdə üzləşdiyi riskləri məzmun, davranış, əlaqə və kommersiya xarakterli risklər kimi müxtəlif qruplara ayırır. Təşkilatın yanaşması göstərir ki, risklərin fərqli səbəbləri olduğuna görə onların hamısını vahid inzibati tədbirlə aradan qaldırmaq mümkün deyil. Rəqəmsal savadlılıq da uşaqların təhlükələrə qarşı dayanıqlılığının mühüm tərkib hissəsidir. Məsələn, şagirdin zərərli videoya çıxışını məhdudlaşdırmaqla onun manipulyativ məzmunu tanımaq, saxta məlumatı yoxlamaq, şəxsi məlumatlarını qorumaq və internetdə məsuliyyətli davranmaq bacarığını inkişaf etdirmək eyni şey deyil. Birinci tədbir xarici maneə yaradır. İkinci tədbir isə uşağın özü üçün təhlükəsiz qərarvermə bacarığını formalaşdırır.
Müasir təhsil sisteminin məqsədi yalnız uşağın zərərli məzmuna çıxışını bağlamaq deyil, həm də ona belə məzmunla rastlaşdıqda düzgün davranmağı öyrətməkdir.
Qadağanın effektivliyi necə ölçüləcək?..
İstənilən məhdudlaşdırıcı tədbirin elmi qiymətləndirilməsi üçün başlanğıc vəziyyəti, məqsədləri və nəticə göstəriciləri müəyyən edilməlidir. ETN məktəblərdə “TikTok”-a çıxışı məhdudlaşdırıbsa, ictimaiyyət aşağıdakı suallara cavab gözləməkdə haqlıdır:
1. Məhdudiyyət hansı məktəbləri və hansı şagird yaş qruplarını əhatə edir?
2. Qərar hansı texniki mexanizmlə tətbiq olunur və onun əhatə dairəsi necə müəyyən edilib?
3. Zərərli kontentə çıxışın azalması hansı göstəricilərlə ölçüləcək?
4. Müəllimlərin tədrisdə istifadə edə biləcəyi faydalı videolar üçün istisnalar və ya alternativ çıxış mexanizmləri nəzərdə tutulubmu?
5. Məhdudiyyətin şagirdlərin diqqətinə, dərsdə iştirakına və rəqəmsal təhlükəsizliyinə təsiri müstəqil qaydada qiymətləndiriləcəkmi?
6. Hansı müddətdən sonra nəticələr təhlil ediləcək və qərara yenidən baxılacaq?
Bunlar formal suallar deyil. Onlar idarəetmənin keyfiyyətini müəyyən edən əsas meyarlardır.
OECD-nin sosial media və məktəb məhdudiyyətlərinə dair materiallarında icra probleminin ayrıca vurğulanması da əhəmiyyətlidir. Təşkilatın istinad etdiyi məlumatlara görə, mobil telefondan istifadəni qadağan edən məktəblərdə belə şagirdlərin bir hissəsi dərs vaxtı telefonlardan istifadə etməyə davam edir. Bu, məktəbdaxili məhdudiyyətlərin icrasının öz-özünə təmin olunmadığını göstərir; həmin nəticələri birbaşa “TikTok” bloklamasının təsiri kimi şərh etmək isə düzgün olmaz. Odur ki, ETN-nin hesabatında bloklanmış səhifələrin sayı ilə kifayətlənmək olmaz. Əsas göstərici neçə səhifənin bağlanması deyil, uşaqların təhlükəsizliyində və təlim mühitində hansı ölçülə bilən yaxşılaşmanın baş verməsidir...
“Azərbaycan Müəllimləri” təşəbbüsündə hansı nəticələr əsas götürülürdü?..
Bu məsələnin daha az müzakirə edilən, lakin prinsipial tərəfi ETN-nin əvvəlki əməkdaşlıq modelidir. “Azərbaycan Müəllimləri” təşəbbüsü müəllimlərə fənn məzmununu qısa videolar vasitəsilə yaymaq imkanı verirdi. Lakin müsabiqənin elanında qaliblərin ən çox baxış toplamış videolara görə müəyyən edilməsi nəzərdə tutulurdu.
Baxış sayı təhsilin keyfiyyətini nə dərəcədə ifadə edir?..
Videonun geniş auditoriyaya çatması onun elmi baxımdan düzgün, metodik cəhətdən keyfiyyətli və şagirdin öyrənmə nəticələri üçün faydalı olduğunu öz-özünə sübut etmir. Populyarlıq, pedaqoji dəyər və öyrənmə nəticəsi müxtəlif göstəricilərdir. Təbii ki, müəllimlərin əməyini təşviq etmək və təhsili cəmiyyətə daha anlaşıqlı formada təqdim etmək müsbət məqsəddir. Lakin belə təşəbbüslərdə baxış sayı ilə yanaşı, məzmunun elmi düzgünlüyü, izahın anlaşıqlılığı, müəllimin metodik yanaşması və öyrənənlərə verdiyi real fayda da qiymətləndirilməlidir. Əks halda, təhsil qurumu özü də istəmədən diqqəti əsas pedaqoji nəticədən platformanın populyarlıq göstəricilərinə yönəldə bilər.
Burada daha böyük idarəetmə problemi ortaya çıxır: əgər platformanın imkanlarından istifadə edilməsinə dair təşəbbüsün nəticələri əvvəlcədən və sonradan qiymətləndirilməyibsə, bu gün platformaya qoyulan məhdudiyyətin də hansı bilik bazasına əsaslandığını müəyyənləşdirmək çətinləşir. Nazirlik əvvəlki təşəbbüsün nəticələrini, onun uğurlarını və problemlərini ictimaiyyətə təqdim etməlidir. Eyni zamanda, indiki məhdudiyyətin əvvəlki təcrübədən hansı nəticələrin çıxarılması əsasında qəbul edildiyini izah etməlidir.
Təhsil siyasətində davamlılıq bütün qərarların dəyişməz qalması deyil;, dəyişən qərarların əvvəlki təcrübədən öyrənməklə əsaslandırılmasıdır.
Dünya təcrübəsi nə deyir: qadağa mümkündür, amma məqsəd nədir?
Məktəblərdə rəqəmsal cihazlardan istifadənin məhdudlaşdırılması beynəlxalq təhsil siyasətində də müzakirə olunur. UNESCO-nun məlumatına görə, 2024-cü ilin sonuna məktəblərdə smartfon istifadəsinə dair qadağa və ya məhdudiyyətləri nəzərdə tutan siyasətlər 79 təhsil sistemində mövcud idi. Bu fakt məktəblərdə məhdudiyyətin özlüyündə qeyri-adi və ya əsassız olduğunu göstərmir. Əksinə, məktəblərin təlim mühitini qorumaq üçün belə tədbirlərə əl atdığını göstərir. Lakin smartfon istifadəsinin məhdudlaşdırılması ilə konkret sosial media platformasının bloklanması hüquqi, pedaqoji və texniki baxımdan eyni siyasət deyil. Digər ölkələrin təcrübəsindən sadəcə “onlar da qadağan edir” arqumentini götürmək düzgün olmaz. Müəyyən ölkənin qərarı yalnız onun məqsədləri, tətbiq mexanizmi, təhsil sistemi və nəticələri ilə birlikdə qiymətləndirildikdə faydalı müqayisə materialına çevrilir.
Azərbaycan üçün də maraqlı olan “başqa ölkələrdə qadağa varmı?” sualı yox, bu məhdudiyyət bizim məktəblərdə hansı problemi hansı mexanizmlə və nə dərəcədə həll edəcək? sualıdır...
Əgər məqsəd dərs vaxtı diqqətin qorunmasıdırsa, uyğun vasitə fərqli ola bilər. Məqsəd cinayət və narkotik təbliğ edən məzmunlara çıxışın qarşısını almaqdırsa, məzmun filtrasiyası və platformanın təhlükəsizlik mexanizmləri ayrıca araşdırılmalıdır. Məqsəd uşaqları alqoritmik manipulyasiyadan qorumaqdırsa, rəqəmsal savadlılıq və ailələrlə əməkdaşlıq əsas tədbirlər sırasında yer almalıdır.
Fərqli problemlərin hamısına eyni cavabı vermək inzibati cəhətdən rahat görünsə də, pedaqoji baxımdan yetərli deyil.
ETN nə etməlidir? Qadağadan sistemli rəqəmsal təhlükəsizlik siyasətinə keçid edilməlidir...
Məktəblərdə uşaqların müdafiəsini təmin etmək üçün məhdudiyyətləri tamamilə rədd etmək də, onları rəqəmsal təhlükəsizliyin universal həlli hesab etmək də düzgün deyil. Zəruri olan məqsədyönlü və qiymətləndirilə bilən tədbirlər sistemidir.
I istiqamət — qərarın əsaslandırılmasını açıqlamaq...
ETN məhdudiyyətin məqsədini, əhatə dairəsini, seçilmiş texniki mexanizmi və qərarın əsaslandığı risk qiymətləndirməsini ictimaiyyətə təqdim etməlidir. Təhlükəsizlik naminə həssas texniki təfərrüatların açıqlanmaması mümkündür, lakin siyasətin əsas məntiqi və nəticə göstəriciləri gizli qala bilməz.
II istiqamət — riskə uyğun məhdudiyyət tətbiq etmək...
Konkret zərərli səhifələrə çıxışın bloklanması, dərs zamanı əyləncə məqsədli istifadənin məhdudlaşdırılması və bütün platformaya çıxışın bağlanması müxtəlif tədbirlərdir. Onların hər biri ayrıca əsaslandırılmalı, mümkün faydası və əlavə xərcləri müqayisə edilməlidir.
III istiqamət — rəqəmsal savadlılığı gücləndirmək...
Şagirdlərə saxta məlumatı ayırd etmək, zərərli məzmunu tanımaq, şəxsi məlumatları qorumaq, alqoritmlərin tövsiyə mexanizmini anlamaq və onlayn təzyiqlərə qarşı məsuliyyətli davranmaq öyrədilməlidir. Müəllimlər isə bu bacarıqları dərslərə inteqrasiya etmək üçün metodik dəstək almalıdırlar.
IV istiqamət — ailə ilə məktəbin əməkdaşlığını sistemləşdirmək.
Uşağın rəqəmsal təhlükəsizliyi yalnız məktəbin texniki şəbəkəsinə cavabdeh olmaqla təmin edilmir. Valideynlərə praktik bələdçilər, yaşa uyğun tövsiyələr və zərərli hallarla rastlaşdıqda atılacaq addımlar barədə məlumat verilməlidir.
V istiqamət — qərarların nəticəsini müstəqil qiymətləndirmək.
Məhdudiyyətin tətbiqindən əvvəl başlanğıc göstəriciləri müəyyən edilməli, müəyyən müddət sonra nəticələr təhlil olunmalı və hesabat ictimaiyyətə təqdim edilməlidir. Ölçülə bilən fayda verməyən tədbir dəyişdirilməli, fayda verən tədbir isə əsaslandırılmış şəkildə davam etdirilməlidir.
VI istiqamət — faydalı təhsil məzmununu itirməmək.
“TikTok”-da müəllimlərin yaratdığı keyfiyyətli videoların tədris məqsədilə istifadəsi nəzərdə tutulursa, məktəblər üçün təhlükəsiz və nəzarət edilən çıxış variantları, rəsmi təhsil resursları və ya alternativ paylaşım kanalları qiymətləndirilə bilər. Burada prioritet platformanın təşviqi deyil, faydalı təhsil məzmununun əlçatanlığıdır.
Təhsildə əsas prinsip qadağa deyil, əsaslandırılmış elmi qərardır…
ETN-nin “TikTok”-la bağlı iki fərqli dövrdəki yanaşması avtomatik olaraq hüquqi və ya məntiqi ziddiyyət demək deyil. Müəllimlərin platformada təhsil məzmunu yaymasını dəstəkləmək, eyni zamanda məktəblərdə şagirdlərin platformaya çıxışını məhdudlaşdırmaq müəyyən şərtlərlə uzlaşdırıla bilər. Ancaq belə uzlaşmanın mövcudluğu fərziyyə ilə deyil, aydın məqsədlər, risklərin təhlili, şəffaf kommunikasiya və ölçülə bilən nəticələrlə sübut olunmalıdır.
İctimaiyyətin ETN-dən gözləntisi “TikTok”-un lehinə və ya əleyhinə mövqe tutmaq deyil. Gözlənti daha ciddidir: uşaqların təhlükəsizliyini qoruyan, müəllimin pedaqoji fəaliyyətinə dəstək verən, texnologiyanın faydasını riskindən fərqləndirən və hər qərarını elmi əsaslarla izah edən təhsil siyasəti...
Təhsil siyasəti gündəmin təsiri ilə bir istiqamətdən digərinə dönən qərarlar yığınına çevrilərsə, onun sabit prinsiplərinə və uzunmüddətli nəticələrinə ictimai etimad zəifləyər. Bu, xüsusilə rəqəmsal transformasiya dövründə təhlükəlidir. Çünki rəqəmsal cəmiyyətdə uşaqları qorumaq üçün təkcə texniki bloklamalar deyil, tənqidi düşünən, informasiya mənbələrini qiymətləndirən və məsuliyyətli qərarlar verən nəsil yetişdirmək lazımdır.
Məktəb şagirdini internetdən müvəqqəti uzaqlaşdıra bilər. Ancaq onu internetdə düzgün davranmağa öyrətmədən rəqəmsal cəmiyyətə hazırlaya bilməz…
ETN-nin qarşısında duran əsas vəzifə “TikTok”-u qadağan etmək və ya ona dəstək vermək arasında seçim etmək deyil. Vəzifə elmi sübutlara əsaslanan, riskləri düzgün qiymətləndirən, nəticələri ölçülən və ictimaiyyət qarşısında hesabat verən rəqəmsal təhsil siyasəti qurmaqdır.
Biliklər cəmiyyətində təhsil bir nömrəli prioritet elan edilirsə, bu prioritetin idarəetmə üsulu da elmə, analitik düşüncəyə və sübutlara əsaslanmalıdır. Əks halda, ən doğru məqsədlər belə ardıcıl olmayan qərarların içində öz təsirini itirə bilər.