BFB: İslam maliyyələşdirməsi üçün törəmə şirkət mexanizmi formalaşdırılmalıdır

Azərbaycan kapital bazarında islami yolla maliyyələşmənin işləməsi üçün ilk növbədə törəmə şirkət mexanizmi formalaşdırılmalıdır.

Bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) Aparıcı iqtisadçısı Emin Əliyev Bakıda keçirilən III İslam Maliyyə Forumunda bildirib.

"Bu mexanizm formalaşdıqda Azərbaycanda yaxın Körfəz ölkələrindən investisiyalar cəlb oluna bilər. Həm dövlət, həm də özəl sektor bu hissədə maraqlı olacaq. Hər bir emitent qismində çıxış edən şirkətlərin balansında gəlir formalaşdıran hər hansısa aktivləri və ya layihələri ola bilər. Bu layihələr və ya aktivlər törəmə şirkətlərə transfer olunur. Daha sonra həmin şirkət emissiya həyata keçirir, burada formalaşan gəlirdən investorlara şərik olaraq pay verir. Düşünürəm ki, investor bazasını genişləndirmək və İslami üsullarla maliyyələşməyə getmək istəyən emitentlər üçün bu, olduqca maraqlı olacaq", - deyə o qeyd edib.

E.Əliyev qeyd edib ki, bu tip məhsullara kapital bazarında investisiya olunması üçün həmin investorların hüquqları tam olaraq müəyyən olunmalıdır: "Hər hansısa bir iflas halında, şirkətlərin ödəmə qabiliyyətini itirdiyi təqdirdə ödənişlərin investorlara hansı qaydada həyata keçiriləcəyi kimi məsələlərin hər biri tam şəkildə öncədən müəyyənləşdirilməli və qanunvericiliyə salınmalıdır. İkinci bir tərəfdən, vergi sahəsində müəyyən düzəlişlər həyata keçirilməlidir. Həmin investorların qazandıqları gəlirdən hansı dərəcədə vergi ödəyəcəkləri önəmli faktorlardır. Eyni zamanda prospekt şablonları formalaşdırılmalı, investorlara öncədən hansı məlumatların açıqlanacağı müəyyən edilməlidir".