“Kiməsə elə gəlir ki, bu millət yenidən qayıdıb çadralara bürünəcək” - Deputatdan SƏRT AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirərək Azərbaycan xalqının dini əqidəsini qorumaq və məsələləri milli maraqlar çərçivəsində həll etmək iqtidarında olduğunu diqqətə çatdırıb. Eyni zamanda o, Bakı ilə Tehran arasında dostluq və qardaşlıq münasibətlərinin belə məsələlərin qarşılıqlı anlaşma və hüquqlara hörmət əsasında həllinə imkan verdiyini vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, İran da, Türkiyə də, bu məsələ ilə maraqlanan hər kəs də bilir ki, Azərbaycanda hicab qadağası yoxdur:

"Azərbaycanda bu, vahid məktəbli formasıdır. Yəni bunu hicab qadağası kimi dəyərləndirmək Azərbaycana qarşı belə bir şər-böhtan kampaniyasının aparılmasıdır. Biz İrana deyirik ki, sən öz ərazində, öz əhalinin nə etdiyinə, nə geyindiyinə, nə yeyib-içdiyinə qarışma? Yəni İranın belə məsələlərə qarışması və yaxud digər dövlətlərin qarışması beynəlxalq hüquqa zidd məsələlərdir və başqa bir dövlətin daxili işlərinə qarışmaq deməkdir".

Millət vəkili qeyd etdi ki, Azərbaycan müstəqil, suveren, dünyəvi, hüquqi dövlətdir:

"Azərbaycanın öz daxili işləridir ki, hansı qərarı qəbul edəcək, nə edəcək və sair və ilaxır. İranın bizim daxili işlərimizə müdaxilə etmək cəhdləri uzun müddətdir davam edir. İran hələ Birinci Qarabağ müharibəsi dövründən, torpaqlarımız işğal altında olanda, çoxsaylı qaçqın-köçkünümüz olanda onların ehtiyaclarından da istifadə edib Azərbaycanın daxilində öz siyasətlərini həyata keçirən çox güclü şəbəkələr yaratmışdı. Bu gün də hələ onların kökü kəsilməyib.

Azərbaycan bunu bilir və lazım gələndə lazımi tədbirləri də görür. Nə məsləhətləşmə ola bilər ki? Kim necə geyinəcək, Azərbaycan özü qərarını qəbul edəcək. Bəlkə sizdən soruşmalıyıq biz ki, biz nə yeyək, nə edək, nə cür geyinək, nə cür davranaq, oturaq-duraq? Dünya inkişaf edir. Dünya elmi-texniki tərəqqi əsrindədir, XXI əsrdədir. Kiməsə elə gəlir ki, bu millət yenidən qayıdıb çadralara bürünəcək, xurafata, cəhalətə doğru gedəcək. Qətiyyən, səhv düşünür. Hamı inkişaf edir. Təzədən bu mollaların fətvasına getmək, 9-10 yaşında qızları ona-buna ərə vermək, kimlərinsə hüquqlarını pozmağa heç kim qayıtmayacaq, getməyəcək. Azərbaycan cəmiyyəti də kifayət qədər inkişaf etmiş cəmiyyətdir, tərəqqipərvər cəmiyyətdir. Biz inkişafa doğru gedirik, geriyə doğru qayıtmırıq".

E.Məmmədov vurğuladı ki, hələ XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur dahi mütəfəkkirlərimiz - Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov və digərləri xurafata, cəhalətə qarşı çıxırdılar:

"Dinə qarşı çıxmırdılar, xurafata, cəhalətə qarşı çıxırdılar. İndi bəlkə İran kimi dövlətlər bizi o geriyə qaytarmaq fikrindədir? Azərbaycanın daxili işlərinə qarışmaqda səhv edirlər. Azərbaycan, təbii ki, heç kimə icazə verməyəcəkdir və bu məsələlərdə də heç kimlə bizim məsləhətləşməyimizə ehtiyacımız yoxdur".