"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"

"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov komandanın Misli Premyer Liqasında çıxışından məmnun deyil.

Bu barədə funksioner açıqlama verib.

O, Naxçıvan təmsilçisinin 8 turdan sonra 2 xalla sonuncu - 12-ci pilədə qərarlaşmasına münasibət bildirib:

"8 turun nəticələrinə baxanda razı qalmaq mümkün deyil. Sonuncu yerdə gedirsənsə, əlbəttə ki, narazı olacaqsan. Amma bu vəziyyətdən çıxacağımıza inanıram. Ümumilikdə nəyisə dəyişmək, nələrsə etmək istəyirsənsə, bunu ancaq futbolçuların əli ilə etməlisən. Futbolçular komandanı bu vəziyyətdən çıxara bilər. Harada işləmisəmsə, bunu demişəm. Sən ən yaxşısını edirsənsə, meydandakı 11 nəfər isə bunu edə bilməyəcəksə, heç bir əhəmiyyəti olmayacaq".

C.Sultanov bütün ümidlərinin futbolçulara və baş məşqçiyə olduğunu söyləyib:

"Ümid edirəm ki, bu vəziyyətdən çıxacağıq. Bunu qarşıdakı oyunlarda görmək istəyərdim. Bu durumdan bizi futbolçular və baş məşqçi çıxara bilər. İnamımız var. Qarşıda nə olacağını zaman göstərəcək".

Xatırladaq ki, "Araz-Naxçıvan" IX turda Şamaxı şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma oktyabrın 23-də, saat 15:00-da start götürəcək.