Rusiya ordusu oktyabrın 20-dən 21-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə dronlarla hücum edib.
Ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, dronlardan biri Svyatoşin rayonundakı 24 mərtəbəli binaya dəyib. Nəticədə binanın 20-ci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın baş verib və həmin mənzil yararsız hala düşüb. Bu hadisə zamanı 2 nəfər həlak olub.
Zərərsizləşdirilən dronlardan birinin düşməsi nəticəsində isə Desnyanski rayonunda binanın qarşısında park edilmiş 7 avtomobil yanıb.
Kiyevə hücum zamanı enerji infrastrukturuna da ziyan dəyib. Ukrayna paytaxtının bəzi ərazilərində enerjinin verilişi dayandırılıb.