Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 100 baza bəndi azaldaraq 37%-dən 36%-ə endirib.
Bu barədə Türkiyə Mərkəzi Bankının 22 oktyabr 2026-cı il tarixli Pul Siyasəti Komitəsinin qərarında bildirilib.
Qərar bazar iştirakçılarının gözləntilərinə uyğun olub. Mərkəzi Bank gecəlik borcvermə faizini 40%-dən 39%-ə, gecəlik borcalma faizini isə 35,5%-dən 34,5%-ə endirib.
Bununla da Türkiyə Mərkəzi Bankı 2026-cı ilin yanvarından bəri ilk dəfə faizləri azaldıb. Sonuncu endirim yanvarın 22-də həyata keçirilmiş, uçot dərəcəsi 38%-dən 37%-ə salınmışdı. Sonrakı beş iclasda faiz dərəcəsi dəyişdirilməmişdi.
Faiz endiriminə inflyasiyanın zəifləməsi şərait yaradıb. Türkiyədə illik inflyasiya avqustdakı 31,51%-dən sentyabrda 29,73%-ə enərək 2021-ci ilin noyabrından bəri ilk dəfə 30%-dən aşağı düşüb.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, son inflyasiya göstəriciləri və ilkin indikatorlar qiymət artımının əsas tendensiyasında zəifləməni təsdiqləyir. Eyni zamanda daxili tələbin zəif qalması inflyasiya təzyiqlərinin məhdudlaşmasına kömək edir.
Bununla belə, bank yüksək enerji qiymətlərinin və geosiyasi gərginliyin inflyasiya üçün risk yaratmaqda davam etdiyini vurğulayıb.
Tənzimləyici növbəti faiz qərarlarının inflyasiyanın dinamikası və gözləntilər əsasında veriləcəyini, qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasətinin davam etdiriləcəyini açıqlayıb.
Türkiyə Mərkəzi Bankının növbəti faiz iclası dekabrın 10-da keçiriləcək.