“Təhsilin keyfiyyəti yalnız imtahan nəticələri ilə ölçülməməlidir” - Sevinc Fədai

Təhsilin keyfiyyətini yalnız qəbul imtahanlarında toplanan ballarla ölçmək doğru yanaşma deyil. Yüksək bal hər zaman dərin bilik, analitik təfəkkür, yaradıcılıq və real həyatda qərarvermə bacarığının göstəricisi olmur.

Bunu “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Fədai özünün sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, imtahan sisteminin əsas vəzifəsi yalnız şagirdləri sıralamaq deyil, onların potensialını, biliklərini və gələcək inkişaf imkanlarını obyektiv qiymətləndirmək olmalıdır:

“Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, hazırkı yanaşmanın yaratdığı problemlərdən biri məktəbin əsas təhsil məkanı olmaq funksiyasının müəyyən qədər zəifləməsidir. Şagirdin məktəbdə qazandığı biliklərlə qəbul imtahanında tələb olunan biliklər arasında fərq yarandıqda, repetitor hazırlığı bir çox ailələr üçün zərurətə çevrilir. Bu isə təhsil imkanlarının sosial və iqtisadi vəziyyətdən asılılığını artırır. Halbuki keyfiyyətli təhsil hər bir uşağın bərabər hüququ olmalıdır. Ailənin maddi imkanları uşağın gələcək təhsil perspektivini müəyyənləşdirməməlidir”.

Sevinc Fədainin fikrincə digər mühüm məqam isə fundamental fənlərin dərindən mənimsənilməsidir:

“Biz uşaqlara yalnız düzgün cavabı tapmağı deyil, həmin cavaba necə gəldiklərini izah etməyi də öyrətməliyik. Çünki elm, innovasiya və inkişaf əzbərlənmiş məlumatlarla yox, sual verməyi, düşünməyi və yeni həll yolları tapmağı bacaran beyinlərlə mümkün olur. Bu gün ali məktəbə qəbul imtahanında yüksək bal toplamış bir çox gənc bunu edə bilmir, təəssüf ki...

Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin illər ərzində formalaşdırdığı şəffaf və mərkəzləşdirilmiş qəbul mexanizminin əhəmiyyətini də nəzərə almalıyıq. Məsələ mövcud sistemin nailiyyətlərini inkar etmək deyil. Zamanın və təhsilin dəyişən tələblərinə uyğun olaraq onu yeni qiymətləndirmə yanaşmaları ilə zənginləşdirməkdir.

Mənim qənaətimcə, gələcəyin təhsil sistemi uşağı imtahana yox, həyata hazırlamalıdır. Universitetə qəbul olmaq üçün yüksək nəticə göstərmək vacibdir, amma universitetdən sonra cəmiyyətə fayda vermək, öz sahəsində yenilik yaratmaq, müstəqil düşünmək və məsuliyyətli qərarlar qəbul etmək daha böyük bacarıq tələb edir”.

O qeyd edib ki, bizim əsas hədəfimiz yüksək bal toplayan abituriyentlərin sayını artırmaqla məhdudlaşmamalıdır:

“Biz düşünən, yaradan, araşdıran, öz potensialını reallaşdıra bilən gənclər yetişdirməliyik. Çünki ölkənin gələcəyini yalnız imtahan nəticələri yox, həmin nəticələrin arxasında dayanan bilik, düşüncə və insan kapitalı müəyyən edir. Mən bu qənaətə həm də layihələrimizdə iştirak edən gəncləri müşahidə edərək gəlmişəm”.