“Atamı məşhur italyan aktyoru Adriano Çelentano ilə müqayisə edirdilər. Ona görə də Ələsgərə sağlığında Azərbaycanın Çelentanosu deyirdilər. Atam 69 yaşında rəhmətə getdi. Üstündən elə də çox illər keçməyib. Amma hər an yoxluğu bilinir. Onun səsi üçün, həyatda bizə dəstəyi üçün darıxırıq. Bizə elə xoş günlər bəxş edib ki, onu axtarmamaq, onun üçün darıxmamaq mümkün deyil”
Bunu açıqlamasında tanınmış aktyor, Əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib. O daha sonra əlavə edib:
“Rejissorlar atama onun potensialından da aşağı rollar veriblər. Atam sağlığında ona təəssüflənirdi ki, daha yaxşısını edə, göstərə bilərdi. Atam üzüyola insan idi. O roldan imtina etməyi xoşlamırdı. Ona təklif gələndə razılaşırdı. Epizodda da oynamağı sevirdi. Məşhur filmləri çox idi. “Bəyin oğurlanması”, “Tehran 43”, “Yol əhvalatı”, “Mozalan” və s. Bu filmləri saymaqla bitməz. Onun üçün bu sənət nəfəs idi. Arzuaları çox idi. Həm teatrda, həm də kinoda ifa etmək istədiyi rollar var idi. “Tehran 43” filmindəki rolu onun kino kariyerasının ən böyük rollarından biri ola bilərdi. Bu film 6 hissədən ibarətdir və atamın da burada böyük rolu olub. Film Sovet dövrünün senzurasından keçmədiyinə görə qısaldılaraq 1 hissəli ekran işinə çevrilib. Atamın da böyük rolu qısaldılıb. Atam həmişə bunu şanssızlıq kimi qələmə verirdi. Atam deyirdi ki, film çəkildiyi kimi getsəydi kariyerası başqa cür olardı. Alen Delon, Jan Qaben kimi aktyorlarla birlikdə çəkilmişdi. Filmin Avropa variantı 6 hissəlidir. Atam deyirdi ki, “kaş o filmi Avropadan alıb tərcümə edərdilər”.. Amma heç kim qabağa düşmürdü” deyə sənətkarın oğlu bildirib.