Azərbaycanda ali hərbi və xüsusi rütbələr daşıyan, uzun illərdir dövlət qulluğunda və müxtəlif güc strukturlarında fəaliyyət göstərən vəzifəli şəxslər arasında yaşı ilə seçilən generallar var. Onların bəziləri 70 yaş həddini keçsələr də, tutduqları vəzifələrdə fəaliyyətlərini davam etdirirlər.
Modern.az vəzifədə xidmətini davam etdirən ən yaşlı ali rütbəli şəxslərin dosyesini təqdim edir.
Ramiz Zeynalov – 75 yaş
Ən yaşlı generallar sırasında ilk yerdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov qərarlaşıb.
O, 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1994-cü ilin avqustundan Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən R.Zeynalov artıq 32 ildir ki, bu vəzifəni icra edir. 2003-cü ildə polis general-mayoru ali xüsusi rütbəsinə layiq görülüb.
Hazırda 75 yaşı olan general daxili işlər orqanlarında xidmətini davam etdirən ən yaşlı vəzifəli şəxslərdən biridir.
Faiq Tağı-zadə – 75 yaş
Yaş göstəricisinə görə siyahının növbəti pilləsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə yer alır.
1951-ci il noyabrın 17-də Bakıda anadan olan F.Tağı-zadə Ramiz Zeynalovla eyni ildə dünyaya gəlsə də, ondan təxminən 9 ay kiçikdir.
O, 2006-cı ilin mayından fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır. 2010-cu ildə tibb xidməti general-leytenantı ali xüsusi rütbəsinə layiq görülüb.
Eldar Nuriyev – 71 yaş
Siyahıda növbəti yerdə ədliyyə nazirinin müavini Eldar Nuriyev qərarlaşıb.
1955-ci il noyabrın 15-də Lənkəran şəhərində anadan olan E.Nuriyev 2019-cu ilin dekabrından bu vəzifəni tutur. O, 2004-cü ildən II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsini daşıyır.
Qeyd edək ki, II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi hüquq-mühafizə və ədliyyə sistemində yüksək ali xüsusi rütbələrdən hesab olunur.
Fazil Quliyev – 69 yaş
Yaşlı ali rütbəli vəzifəli şəxslər arasında daxili işlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev də var.
1957-ci ilin yanvarında Bakı şəhərində anadan olan F.Quliyev 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 2004-cü ildə polis general-mayoru, 2014-cü ildə isə polis general-leytenantı ali xüsusi rütbəsinə layiq görülüb.
Beləliklə, təqdim olunan siyahıda 75 yaşlı iki general, 71 yaşlı bir ali rütbəli vəzifəli şəxs və 69 yaşlı polis general-leytenantı yer alır.