Ahmet Temurci: "Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük"

Azərbaycanda çox ciddi idman mədəniyyəti formalaşır.

Bunu açıqlamasında Türkiyə Gənclər və İdman Nazirliyinin Beynəlxalq Təşkilatlar və Xarici Əlaqələr Baş İdarəsinin rəisi Ahmet Temurci deyib.

O, Bakıda keçirilən "ExpoSport Azerbaijan 2026" sərgisindən məmnun qaldığını bildirib:

"Burada çox gözəl mühit var. Azərbaycandakı bütün idman ictimaiyyəti, bir çox federasiya buradadır. Yerli qurumlardakı dostlarımızla görüşmək imkanı tapdıq və onları Türkiyəyə dəvət etdik. Hazırda bu, B2C formatlı sərgidir, amma gələn il daha beynəlxalq miqyas alacaq. Məni ən çox təsirləndirən amil xüsusilə gənclərin, məktəblilərin və tələbələrin buraya böyük maraq göstərməsi oldu. Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük. Vətəndaşların bu sərgiyə sahib çıxması, müxtəlif idman növləri barədə məlumat alması çox gözəldir".

Türkiyə rəsmisi iki ölkənin idman qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu vurğulayıb:

"Buradakı bir çox federasiya Türkiyədəki həmkarları ilə müştərək işlər görür, hər iki ölkədə birgə təlim-məşq toplanışları keçirilir. Sualtı idmandan taekvondoya, cüdodan velosiped idmanına qədər müxtəlif sahələrdə birgə layihələr hazırlanır. Hazırda sərgidə Türkiyədən yalnız "Göztəpə" futbol klubu təmsil olunur, onlar da voleybol kursları açırlar. Azərbaycan və Türkiyə dost, qardaş ölkələrdir. Hər sahədəki əlaqələrimizi idmanla da daha yüksək səviyyəyə çıxaracağıq. Beynəlxalq arenada daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. İdman sahəsində çox gözəl inteqrasiya var".

A.Temurci 2027-ci ildə İstanbulda təşkil olunacaq Avropa Oyunlarına və idman turizminə də toxunub:

"Gələn il İstanbulda Avropa Oyunları keçiriləcək. Bildiyiniz kimi, bu yarışın ilki Bakıda baş tutmuşdu. Oraya azərbaycanlı qardaşlarımızı, idmançılarımızı da gözləyirik. Bundan əlavə, Azərbaycanla idman turizmi sahəsində gördüyümüz işlər var. Bu istiqamət son dövrlərin yüksələn trendidir. Hər iki ölkənin təcrübələrindən istifadə edərək idman turizmini daha da böyütməyə çalışırıq".

Qeyd edək ki, noyabrın 28-nə qədər davam edəcək sərgidə ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı qazanacaqlar.