Azərbaycanda sənədsiz evlərin və torpaq sahələrinin mərhələli şəkildə rəsmiləşdirilməsi üçün əmlak amnistiyasının həyata keçirilməsi və vahid dövlət proqramının hazırlanması təklif olunur.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Komitə sədri torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılmasını nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib:
“Müzakirəmizə təqdim olunan qanun layihəsi dövlətimizin həyata keçirdiyi əmlak amnistiyası siyasətinin növbəti nümunəsidir. Hüquqi təşəbbüs on illərdir torpağından istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün humanist xarakterli mühüm qərardır. Layihənin nə qədər vətəndaşı əhatə edəcəyinə dair məlumatların da açıqlanmasına ehtiyac var. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib olunmuş plan-ölçü sənədləri müəyyən edilmiş hallarda dövlət qeydiyyatının hüquqi əsasına çevriləcək”.
Parlamentari qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi prosesinin də sürətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb:
“Rəsmi məlumatlara görə, 2025-ci ilin oktyabrınadək 19 minə yaxın müraciət daxil olsa da, yalnız 4 minə yaxın obyekt reyestrdə qeydiyyata alınıb. Rəqəmlər göstərir ki, prosesin daha da sürətlənməsinə ehtiyac var. Vahid portalda müraciətlərin qəbulu əlçatan olsa da, sonrakı mərhələlərdə dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, yoxlamaların qeyri-məhdud qaydada davam etməsi və texniki rəylər obyektlərin rəsmiləşdirilməsinə imkan vermir”.
Komitə sədri Bakı və Abşeronda sənədsiz fərdi yaşayış evləri ilə bağlı aparılmış araşdırmanın nəticələrini də açıqlayıb: “Sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Yəni ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb. Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400–1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir. Sənədsiz evlərin 81 faizi birmərtəbəlidir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşdirilməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ilədək tikilən sənədsiz evlərin 100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib”.
Zahid Oruc problemin həlli üçün konkret təkliflər irəli sürüb:
“Ölkəmizdə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir. Mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması əmlakın dövlət qeydiyyatı sahəsində tarixi qərarlar üçün fürsətdir”.