Marqus Tsahkna: Bakı və İrəvan arasında sülh regiona böyük perspektivlər gətirəcək

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması bütün region üçün yeni imkanlar açır.

Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Estoniya Azərbaycana mühüm tərəfdaş kimi baxır və əməkdaşlıq üçün yeni imkanlarda maraqlıdır: "Biz Azərbaycana energetika sahəsində təcrübələri mənimsəmək, həmçinin qlobal ticarət və iqtisadiyyatındakı dəyişikliklərlə əlaqədar açılan yeni perspektivləri öyrənmək üçün böyük bir imkan kimi baxırıq. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi bir çox yeni perspektivlər açır".

M.Tsahkna, həmçinin bildirib ki, bu il Estoniya Ermənistanda səfirlik açıb. Onun sözlərinə görə, bu, regionun Tallin üçün əhəmiyyətindən və ölkənin Cənubi Qafqazda öz uzunmüddətli mövcudluğunu möhkəmləndirmək niyyətindən xəbər verir.

"Biz bura uzun müddətə gəlmişik", - deyən nazir Azərbaycan tərəfinə səmimi qəbula görə təşəkkür edib.