"Cinayətkar mənim deyil, qonşunun həyətindən tapılıb" - Aparıcıdan iddialara CAVAB

Aparıcı Fira Cəlilova (Firuzə İskəndərova) Novxanı qəsəbəsindəki bağ evində cinayətkarın gizlədilməsi ilə bağlı iddialara cavab verib.

Aparıcı özünün instaqram hesabında yaydığı videomüraciətdə onun bağ evində yarımtikilinin olmadığını bildirib.

F.Cəlilova bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd edilən yarımtikili qonşu həyətdədir:

"Cinayətkar yarımtikilidən aşkarlanıb. Mənim həyətimdə yarımtikili yoxdur, həyətimə daxil olub, çəkə bilərsiniz. Mənim həyətimin hasarına bitişik olan qonşu həyətində yarımtikili var. Cinayətkarın ordan çıxarılıb-çıxarılmaması ilə bağlı isə mən heç nə deyə bilməyəcəm. Çünki həyətyanı sahəmdə olan kameraların aparatlarını və kartlarını həyətimə daxil olan və kimliyini bəlli etməyən şəxslər götürüblər. Ola bilər ki, həmin şəxslər bizim həyətə daxil olub ki, qonşunun həyətinə keçsinlər, yəni bizim həyətdən keçid kimi istifadə ediblər. Bu barədə də məlumatım yoxdur. Çünki əlimdə yalnız küçədə, ağaca bərkidilən kameranın görüntüsü var.

Həmin şəxslər evə deyil, həyətyanı sahəyə daxil olublar. Anam həyətdə adamları görəndən sonra işıqları yandırıb və onlar evə daxil olublar. Anam mobil telefonunu götürüb çəkməyə başlayıb ki, siz kimsiniz? Bundan sonra anamın iki, övladımın isə bir mobil telefonu əlindən alınıb, həyətdəki kameraların kartları götürülüb. Ona görə də mən sizə həmin görüntüləri göstərə bilmirəm. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışdım və mənə dedilər ki, səbrli olun, məsələ araşdırılır".