Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib

Azərbaycan və Estoniya arasında indiyədək 16 sənəd imzalanıb, daha 8 sənəd üzərində işlər davam etdirilir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, tərəflər yaxın gələcəkdə digər sənədlərin də imzalanması və qüvvəyə minməsi istiqamətində müsbət nəticələrin əldə olunacağına ümid edirlər.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 32 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, Estoniyadan Azərbaycana 25 milyon dollar həcmində investisiya yatırılıb.

Hazırda Azərbaycanda 70-ə yaxın Estoniya şirkəti fəaliyyət göstərir. Onlardan 48-i aktiv fəaliyyətdədir.

Bayramov qeyd edib ki, son dövrlərdə iki ölkənin biznes qurumları arasında birbaşa əlaqələrin qurulması və biznes forumların təşkili istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Bu təcrübənin davam etdirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına müsbət töhfə verəcəyi gözlənilir.

Nazirin sözlərinə görə, hökumətlərarası komissiyanın iclasında ticarət, rəqəmsal inkişaf, innovasiyalar, süni intellekt, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bərpaolunan enerji və yaşıl transformasiya isə perspektivli əməkdaşlıq istiqamətləri kimi xüsusi qeyd edilib.

Bayramov, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və strateji sahələrdə əməkdaşlığı barədə estoniyalı həmkarını məlumatlandırdığını bildirib.

O vurğulayıb ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Əgər əvvəlki dövrlərdə bu əməkdaşlığın əsas istiqaməti xam neft təchizatı idisə, 2020-ci ilin sonlarından etibarən Avropaya qaz tədarükü də artan tendensiya nümayiş etdirir.

Nazir əlavə edib ki, hazırda Avropa İttifaqının dəstəyi, bir sıra üzv dövlətlərin, Azərbaycanın və regionun digər ölkələrinin iştirakı ilə alternativ və yaşıl enerji sahəsində yeni layihələr üzrə də fikir mübadiləsi aparılır.