Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Deluxe City Hotel” MMC barədə inzibati xəta haqqında protokol tərtib edib.

Agentliyin məlumatına görə, şirkət rezervasiya zamanı istehlakçıya zəruri və düzgün məlumat verməyib.

Bununla əlaqədar “Deluxe City Hotel” MMC-nin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndini pozduğu müəyyənləşdirilib.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi üzrə protokol 30 oktyabr 2026-cı ildə tərtib olunub.

Həmin maddə malın və ya xidmətin qiyməti, istehlak xüsusiyyətləri, əldə edilməsi və istifadə şərtləri, eləcə də satıcı və ya icraçı barədə istehlakçıya zəruri və düzgün məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutur.