İmamverdi Həmidov: “Xaqaninin fars dilində yazdığı əsərlərin filoloji tərcüməsi hazırlanır”

“Xaqani Şirvani yaradıcılığının araşdırılması istiqamətində yeni tədqiqatlar aparılır. Şairin fars dilində yazdığı əsərlərin filoloji tərcüməsi hazırlanır”.

Bunu görkəmli alim, professor İmamverdi Həmidov “Xaqani Şirvani və İraq” mövzusunda keçirilən elmi müzakirə zamanı deyib.

Onun sözlərinə görə, şairin poetik tərcümələrində dəqiqləşdirilməsinə ehtiyac olan məqamlar var və filoloji tərcümə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

İmamverdi Həmidov Xaqaninin İraq səfərləri zamanı xəlifənin sarayında qalmaq təklifini qəbul etməməsinə də diqqət çəkib. O, bunu şairin vətənə bağlılığı ilə əlaqələndirib:

“Xaqani öz yurduna bağlı, öz fikirlərində olduğu kimi, şeirlərində də vətəninə bağlı sənətkar idi. Bağdadda olarkən xəlifə ona sarayda şair kimi yaşamağı və fəaliyyət göstərməyi təklif edir, lakin Xaqani buna razılıq vermir. Xaqaninin Savalan dağını Kəbə ilə müqayisə etməsi də şairin mənəvi və düşüncə ucalığıdır. Xaqaniyə Şirvanda münasibət müəyyən qədər dəyişəndən sonra yaşamaq üçün seçdiyi yer Təbriz oldu. Yenə də Azərbaycan, məhz Azərbaycan və Təbriz. Halbuki ona dəvətlər çox olurdu".

Günay Şahmar, Tural Xəlil, Bizim.Media