Quava, sarı şirin bibər, qara qarağat və kivi C vitamini ilə zənginliyinə görə portağalı üstələyir.
Bunu onkoloq Vladimir İvaşkov özünün “Telegram” kanalında bildirib.
Həkimin sözlərinə görə, sadalanan məhsullar arasında ən çox C vitamini quavada var. Belə ki, 100 qram quavada 228 milliqram C vitamini mövcuddur. İkinci yerdə 184 milliqramla sarı şirin bibər, üçüncü yerdə isə 181 milliqramla qara qarağat qərarlaşıb.
Kivinin 100 qramında 93 milliqram, portağalda isə 53 milliqram C vitamini var.
Mütəxəssis qeyd edib ki, böyüklər üçün C vitamininin gündəlik norması 75-100 milliqram təşkil edir. Siqaret çəkənlərin isə gündəlik əlavə olaraq təxminən 35 milliqram C vitamini qəbul etməsi tövsiyə olunur.
Onun sözlərinə görə, tütün tüstüsündə hüceyrələrə zərər verən çoxlu sərbəst radikallar və digər oksidləşdirici maddələr mövcuddur. C vitamini bu maddələrin neytrallaşdırılmasına kömək edən antioksidantlardan biridir. Həmçinin E vitamini kimi digər antioksidantların bərpasında iştirak edir.
Həkim C vitamininin miqdarını qorumaq üçün giləmeyvələrin və şirin bibərin çiy halda yeyilməsini, tərəvəzlərin isə buxarda bişirilməsini məsləhət görüb. O bildirib ki, C vitamini yüksək temperatura həssasdır və məhsulların uzun müddət bişirilməsi onun miqdarını azalda bilər.