“Barselona”ya uduzsaq, sağollaşıb gedəcəyəm – “Sabah”ın futbolçusu

“Sabah”ın müdafiəçisi Stiv Solvet UEFA Çempionlar Liqasının “Barselona” ilə oyunu başa çatdıqdan sonra rəqib futbolçulardan forma almaq niyyətində olmadığını bildirib.

Bu barədə fransalı futbolçu bu barədə “L’Équipe” qəzetinə müsahibəsində danışıb.

“Bu, mənim adətən etdiyim şey deyil. Uduzsaq, qətiyyən forma istəməyəcəyəm. Sadəcə azarkeşlərlə salamlaşacağam və gedəcəyəm. Mən məğlubiyyətə dözə bilməyən insanam”, – deyə Solvet bildirib.

Azərbaycan təmsilçisi “Sabah” bu gün, noyabrın 25-də Bakı vaxtı ilə saat 21:45-də Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edəcək. Qarşılaşma UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək.

30 yaşlı mərkəz müdafiəçisi təxminən 65 min azarkeşin qarşısında belə bir oyunda iştirak etməyin böyük imtiyaz olduğunu vurğulasa da, Kataloniya klubunun ulduz futbolçuları qarşısında özünə əlavə təzyiq yaratmaq və sadəcə tamaşaçı rolunda çıxış etmək istəmədiyini bildirib.

2025-ci ilin yayında Bakıya gələn Stiv Solvet bundan əvvəl Fransanın aşağı liqalarında, o cümlədən “Orlean” və “Martiq” komandalarında çıxış edib.

Qvadelupa millisinin üzvü olan futbolçu “Sabah”la 2025-2026 mövsümündə Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.