Norveç Ukraynanın enerji sektoruna 46,3 milyon avro ayırdı

Norveç Ukraynanın enerji sektoruna mali dəstəyini artırıb. Ölkə Ukraynanın Enerji Dəstək Fonduna əlavə olaraq 46,3 milyon avro vəsait köçürüb.

Bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Norveçin son maliyyə töhfəsindən sonra Ukraynanın enerji sektoruna göstərdiyi ümumi yardımın həcmi 255,6 milyon avroya çatıb.

Ayrılan vəsait ölkə üzrə Rusiya hücumları nəticəsində zədələnmiş enerji obyektlərinin bərpası üçün avadanlıqların satın alınmasına yönəldiləcək.

Ukraynanın baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal Norveçə dəstəyinə görə təşəkkür edib. O bildirib ki, bu vəsait enerji şirkətlərinin ehtiyac duyduğu avadanlıqların operativ şəkildə alınmasına və enerji sisteminin fəaliyyətinin bərpasına imkan yaradır.

Nazirin sözlərinə görə, bu cür maliyyə dəstəyi Ukraynanın enerji sisteminin dayanıqlığını qorumaq, əhalinin elektrik enerjisi və istiliklə təminatını davam etdirmək baxımından əhəmiyyətlidir.