Orxan İsayev: “Xaqani Şirvaninin yaradıcılığında İraq xüsusi yer tutub”

“Xaqani Şirvaninin həyatında və yaradıcılığında İraq xüsusi yer tutub. XII əsrdə bir neçə dəfə bu bölgəyə səfər edən şairin müşahidələri, görüşləri və İraqla bağlı düşüncələri əsərlərində, xüsusilə də “Töhfətül-İraqeyn” poemasında əksini tapıb”.

Bunu “Körpü” Türkman İrsi Araşdırmalar Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev “Xaqani Şirvani və İraq” mövzusunda keçirilən elmi müzakirə zamanı deyib.

O bildirib ki, Xaqani Şirvaninin İraqa səfərlərinin səbəbləri tədqiqatçılar üçün maraq doğuran məsələlərdəndir:

"Xaqani Şirvaninin həyatında və yaradıcılığında İraq xüsusi önəmə malikdir. O, bir neçə dəfə İraqa səfər edib. Hətta tədqiqatçılar bəzən onun Şirvanşahlar dövlətinin xüsusi nümayəndəsi kimi İraqa və İraqi-Əcəmə səfər etdiyini iddia edirlər. “Töhfətül-İraqeyn” məhz adından da göründüyü kimi, İraqla bağlıdır. Orada görüşdüyü insanlar, İraqın təbiəti, şəhərləri və müşahidə etdiyi hadisələr əsərdə öz əksini tapıb.

Körpü Türkman İrsi Araşdırmalar Mərkəzi olaraq İraq bizim üçün daim maraqlı olub. Bunun səbəbi orada üç milyondan artıq etnik baxımdan Azərbaycana bağlı türkman soydaşlarımızın yaşamasıdır.

Maraqlıdır ki, Xaqani Şirvanini İraqa bağlayan, bu bölgəni onun üçün cəlbedici edən səbəb məhz bu idi, yoxsa başqa amillər də var idi? Onun İraqla bağlı fikirlərini oxuduqda görürük ki, səfərləri zamanı orada türk dövlətləri, əsasən də İraq Səlcuqlu Sultanlığı hakimiyyətdə olub".

Günay Şahmar, Tural Xəlil, Bizim.Media